Böyük Britaniyanın tarixinə düşmüş Qədirovalar ilk dəfə Azərbaycanda
Böyük Britaniyanı təmsil edən əkiz bacılar - Cessika və Cennifer Qədirova ilk dəfə Azərbaycana səfərə gəliblər.
mediasport.az xəbər verir ki, Böyük Britaniyanın idman gimnastikası komandasının azərbaycanlı liderlərinin ölkəmizə gəlişinin məqsədi ata-baba yurdunu gəzmək, qohumları ilə görüşmək, həmçinin, Şəkidə Azərbaycan Gimnastika Federasiyasının yenidən təşkilinin 20 illiyinə həsr olunmuş gimnastika növləri üzrə vahid yarışlar çərçivəsində Qala şouda iştirak etmək olub.
Ötən il Yaponiyanın paytaxtı Tokioda keçirilən Yay Olimpiya Oyunlarında 3-cü yeri tutmaqla Böyük Britaniyaya 93 ildən sonra bu idman növü üzrə ilk olimpiya medalını qazandırmış bacılar səfərlə bağlı təəssüratlarını bölüşüblər:
“Şəkiyə gəlməmişdən əvvəl Bakıda 18 ildən sonra baba və nənəmlə görüşdük. Bakı kimi, Şəki də gözəldir. Ən əsası Şəkiyə gələndə qar gördük. Bu, bizi çox sevindirdi. Şəkidən qayıtdıqdan sonra Bakıda gəzməyi düşünürük. İlk dəfə doğma vətənimizdə irimiqyaslı turnirdə iştirak etdik. Tamaşaçıların bizə azarkeşlik etməsi çox sevindirici idi. Liverpulda təşkil olunan Dünya çempionatında Azərbaycan diasporunun dəstəyini hiss etmişdik. Bu, bizi sevindirir və yeni uğurlara həvəsləndirir. İndi burada olmaq, əslində, çox həyəcanlıdır. Bakıya gəldik, baba və nənələrimizlə görüşdük, sonra Şəkiyə getdik. Biz həmişə tarixi vətənimizi ziyarət etmək istəmişik. Səfər çox emosional keçir. Qala-şou heyrətamiz atmosferdədir. Öz nömrələrini nümayiş etdirən digər həmkarlarımız ilə birlikdə çıxış etmək çox xoşdur”.