"Bir xal qazandıq, iki xal da itirdik"
"Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 15-ci turunun "Şamaxı" (1:1) ilə görüşündən sonra oyun haqda fikirlərini bölüşüb, jurnalistlərin suallarını cavablandırıb.
mediasport.az xəbər verir ki, mütəxəssis Şamaxıya üç xal dalınca yollandıqlarını deyib.
- Çalışırdıq ki, məsələni birinci hissədə həll edək. İlk yarıda daha rahat oynayırdıq, qol epizodları yaradırdıq. Amma bundan istifadə edə bilmirdik. İkinci hissədə də imkanlarımız var idi. Maraqlı, mübarizəli oyun getdi. Sona yaxın əsəblər tarıma çəkilmişdi. Bu gün bir xal qazandıq, iki xal da itirdik. Məğlub da ola bilərdik. Çünki "Şamaxı" da qol epizodları gerçəkləşdirirdi. Oyunun taleyini ilk yarıda həll edə bilərdik. Əlimizdə olan futbolçulardan maksimum istifadə etdik. Zədəlilərimiz hələ yeni qayıdıb. Tam heyətlə meydana çıxa bilmirik. Əvəzetmələrdə çətinlik çəkirik. Komandamın oyunu 70 dəqiqə məni məmnun saldı. Hücumda yaratdığımız qol epizodları bəlkə də, çempionatda yaradılan ən çox qol epizodları idi. Bir xala və mübarizəyə görə, futbolçularıma təşəkkür edirəm".
İkinci hissənin əvvəlində dünya futbolunda analoqu olmayan hadisə yaşandı. Mülki geyimli şəxs sizə tərəf yaxınlaşdı, texniki zonanı tərk edərək onunla görüşüb ehtiyat skamyaya qayıtdız. Həmin şəxs kim idi?
- Yaxın insandı, futbol fanatıdır. Şamaxıda yaşayır. O, aşağıya düşüb ora qədər gəlibsə, görüşməliydim. "Şamaxı"ya da yaxın insandır.
Fərid Nəbiyev bir epizodda Rəşad Əzizlini aldadaraq boş qapı ilə üzbəüz qaldı, amma simulyasiyaya görə sarı vərəqə aldı. Halbuki topu boş qapıya göndərə bilərdi. Nəyə görə belə etməsi ilə bağlı onunla söhbətiniz oldu?
- Hələ futbolçu ilə o barədə söhbətimiz olmayıb. Oyunun təhlili olacaq, onda danışırıq. Futbolçunun meydanda hansı qərarı qəbul edəcəyini ona deyə bilmirik. Komandanı hazırlayıb meydana çıxarırıq. Elə epizodlar var ki, biz məşqçilər acizik. Futbolçular soyuqqanlı, rahat qərar verə bilmirsə...Bəli, Nəbiyevin epizodunda penaltidən söhbət gedə bilməzdi. Fasilədə epizodun təkrarına baxmışıq. Qapıçının ona təması yoxdur. Sarı vərəqə də düzgündür. Fəridin nəyə görə belə qərar qəbul etdi, bilmirəm...İnsandır, hər halda hamısı oyunun təhlilində öz cavabını tapacaq.
Giorgi Kantariyanı sona qədər meydanda niyə saxladız...
- O mövqedə futbolçumuz yoxdur ki, Kantariyanı əvəzləyək. Giorginin meydanda olması, təcrübəsi bizə böyük üstünlük verir.
Matçdan sonra futbolçular məşq etdi. Bu, cəza metodu idi?
- Xeyr, cəza deyildi. Sabah komanda üçün istirahət günüdür. Dekabrın 4-də "Sumqayıt"la oyunumuz olacaq. Oynamayan futbolçular məşq edirdi, digərləri üçün də bərpa məşqi idi. Yəni, yüngülvari məşq oldu.