"Hücumçunun işi qol vurmaqdır, biz bunu reallaşdıra bilmirik" - "Neftçi"nin argentinalı forvardı
"Nə özümün, nə də digər hücumçularımızın performansından razıyam".
Mediasport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin argentinalı forvardı Lukas Melano mətbuat konfransında deyib. 30 yaşlı futbolçu paytaxt təmsilçisinə gec uyğunlaşdığını söyləyib:
"Hücumçunun işi qol vurmaqdır, biz bunu reallaşdıra bilmirik. Komandaya qoşulduqdan sonra uyğunlaşma dönəmi keçirməyə başladım. Bir neçə həftə oynamadım, son matçlarda iştirak etdim. Hələ qol vurmasam da, qarşıdakı görüşlərdə bunu həyata keçirməyə çalışacağam".
O, "ağ-qaralar"a keçməzdən öncə Azərbaycan futbolu haqqında az məlumata sahib olduğunu dilə gətirib:
"Azərbaycana gəlməmişdən əvvəl ölkə haqqında məlumatım yox idi. Çempionat barədə az bilgim var idi. Bir neçə tanış həmyerlim burada çıxış edib. Azərbaycana gəldikdən sonra buranın mədəniyyəti ilə maraqlanıram, tanış oluram. Azərbaycanda insanların əcnəbilərə yanaşması məni təəccübləndirdi. Dil maneəsinə baxmayaraq, insanlar kömək etməyə çalışırlar. Bakını gəzmişəm, çox bəyənirəm. Daddığım yeməklərdən dolmanı bəyənmişəm. Ümumilikdə bura çox xoşuma gəlir".
Melano daha sonra karyerası ilə bağlı sualları cavablandırıb, öncədən Avropadan təkliflər aldığını açıqlayıb:
"ABŞ-yə getməmişdən əvvəl də Avropadan təkliflərim var idi. Həm İspaniya, həm də İtaliyadan təkliflər almışdım. Amma klubum razılaşmamışdı. Sonra Azərbaycandan təklif gəldi və bura yollandım. Avropaya gec gəlməyimin xüsusi bir səbəbi yoxdur. Bəzən özümdən asılı olmayan səbəblərdən klublar arasında razılıq əldə edilmirdi. Oynamaq istədiyim bəzi liqalar var. Amma hazırda "Neftçi"nin uğurları üçün çalışıram. Burada hədəflərimə çatdıqdan sonra bu barədə düşünmək olar”.
Forvard ABŞ çempionatının inkişafda olduğunu deyib:
"Hazırda MLS əvvəlkindən daha çox inkişaf edib. Mənim vaxtımda İbrahimoviç, Covinko, Pirlo, Lempard, Droqba kimi ulduz futbolçular orada çıxış edirdilər. Bilmirəm, nə vaxtsa ora qayıtmaq imkanım olacaq, ya yox. Ancaq gələcəkdə ABŞ-də yaşamaq istərdim".
Lukas "Qarabağ"ın sabiq üzvü Samuel Armenterosla dostluq münasibətinin olduğunu bildirib:
"Samuel Armenterosla çox yaxşı münasibətimiz var idi. Tez-tez danışırdıq. Zəngin karyerası olub. Meydandan kənarda da çox yaxşı dost münasibətimiz var".
"Ağ-qaralar"ın üzvü azarkeşlərə də müraciət ünvanlayıb:
"Mətbuat konfransına gələn futbolçunun qol vurma ənənəsini davam etdirməsini istərdim. "Neftçi" azarkeşlərinə səslənirəm ki, bu günə kimi etdiklərimizin daha artığını reallaşdırmağa çalışacağıq. "Neftçi"ni layiq olduğu yerlərə yüksəltmək istəyirik".
O, 17-ci turun "Qarabağ"la mərkəzi qarşılaşması haqda da danışıb:
"Qarabağ"la oyuna qədər hələ iki tur var. Mövsümün sonuna isə hələ çox var. Düzdür, "Qarabağ"la aramızda xal fərqi böyükdür. Amma futbolda hər şey mümkündür. Həmçinin digər rəqibləri də düşünmək lazımdır. Onlardan sonra "Qarabağ"la matçda maksimum xal toplamalıyıq ki, fərqi aradan qaldıraq".