"Bu, normal deyil - Əvvəl çıxış etdiyim liqalarda belə deyildi"
"Neftçi"nin futbolçusu Yuri Matias mətbuat konfransında iştirak edib.
Mediasport.az xəbər verir ki, o, 28 yaşlı futbolçu "ağ-qaralar"ın 3-cü pillədə qərarlaşmasına layiq olmadığını deyib.
Daha sonra o, "Qarabağ"la aralarında xal fərqi olduğunu xatırladıb:
"Hazırda "Qarabağ"la xal fərqi çoxdur. Biz də bunu dərk edirik. Azarkeşlərin narazılığını normal qarşılayıram. Komandanın heyəti yenidən qurulub. Bu, asan proses deyil. Bilirik ki, bundan da yaxşı nəticələr qazana, fanatları sevindirə bilərik. Müdafiəçi olaraq öz işimi görməyə çalışıram. Qol imkanım olanda da yararlanıram. Komanda yoldaşlarıma bu yöndə məsləhət verə bilmərəm".
Yuri oyunlarda çox vərəqə almasını normal hesab etmir:
"Bu, normal deyil. Vərəqə sayı çoxdur. Burada hakimlərlə danışdığım üçün daha çox cəzalanıram. Əvvəl çıxış etdiyim liqalarda belə deyildi. Artıq özümü daha təmkinli aparmağa çalışıram".
Matias paytaxt klubu ilə böyük nailiyyətlər qazanmaq istədiyini də vurğulayıb:
"Karyeram ərzində harada oynamışamsa, ən azı 3 il orada qalmışam və uğurlu olmaq üçün çalışmışam. Bu kluba gələndə hər kəs məni yaxşı qarşıladı və bundan motivasiya aldım".
Braziliyalı "Qarabağ"ın bu gün Avropa Liqasının qrup mərhələsinin 6-cı turunun "Hekken"lə baş tutacaq matçı haqda fikir bildirib:
"Qarabağ"ın bu gün qələbə qazanmasını istəyirəm. Onlar yaxşı heyətə malik güclü komadadır".
Müdafiəçi Azərbaycan Premyer Liqasının 17-ci turunun mərkəzi qarşılaşması - "köhlən atlar"la oyunundan da söz açıb:
"Həm klub, həm də azarkeşlər üçün əhəmiyyətli matç olacağını bilirəm. Hər kəs belə komandaya qarşı mübarizə aparmaq istəyir. Rəqibimiz güclüdür. Amma biz də "Neftçi"yik. Heç kimdən çəkinmirik. Yaxşı oyun göstərərək qələbə qazanmağa çalışacağıq. Müdafiəçi olaraq hər matçda qol vurmağa söz vermək çətindir. Amma qələbə üçün əlimdən gələni edəcəyimi deyə bilərəm".
Xatırladaq ki, ölkə çempionatının 17-ci turunun "Qarabağ" - "Neftçi" görüşü dekabrın 18-da baş tutacaq.