"Bundan sonra davamlı olaraq yaxşı nəticələr qazana biləcəyik"
Futbol üzrə qadınlardan ibarət Azərbaycan yığma komandası və Yunanıstanın PAOK klubunun müdafiəçisi Ayşən Əhmədova Mediasport.az saytına müsahibə verib.
İlk olaraq UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunun Farer adaları yığması ilə oyun haqqında fikirlərinizi bölüşərdiz.
- Düşünürəm ki, oyuna nəzarət bizdə idi. Düzdür asan matç deyildi, amma qələbəni daha çox istəyən tərəf biz idik və bu, nəticədə əksini tapdı. Vacib 3 xalı qazandığımız üçün çox sevinirik.
Oyunun xüsusən son 10 dəqiqəsi gərgin oldu. Düşünürdüzmü ki, birdən ikinci qolu vurub hesabı bərabərləşdirərlər, öz-özlüyünzdə həyəcan var idimi son dəqiqələrdə?
- Bəli, düzdür, son dəqiqələr həyəcanlı keçdi. Futboldur, hər şey ola bilərdi. Amma biz qələbəni daha çox istəyirdik və ona görə də son saniyələrə qədər mübariz aparıb üstünlüyümüzü qoruduq. Sevinən tərəf olduğumuz üçün qürurluyuq.
Sizcə, komandamız qalan 3 oyunda da yaxşı nəticə qazanıb bir ilkə imza ata biləcək? Ümumiyyətlə, bunun üçün nə etməlisiz, necə hazırlaşmalısız qarşıdakı görüşlərə?
- Hər oyun bizim üçün önəmlidir. Komanda olaraq, özümüzə inanırıq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Bu gün əzmlə mübarizə aparan kollektivimiz var və inanıram ki, bundan sonra davamlı olaraq yaxşı nəticələr qazana biləcəyik. Qarşıdakı matçlara bundan əvvəlki oyunlarda olduğu kimi, maksimum ciddi hazırlaşacağıq. Hər 3 oyundan xal və ya xallar götürmək üçün əlimizdən gələni edəcəyik.
Evdə Monteneqro və Farerlər adaları ilə oyunlarımız qalıb. Demək olar ki, qrupdan çıxmaq tapşırığının 70-80 faizini həll etmisiz?
- Bəli, amma hər oyuna çox ciddi hazırlaşırıq. Qalan görüşlərin heç birində xal itirmək istəmirik. İnşallah, nəticəmiz daha yaxşı olar.
Kiprlə Bakıdakı matçın son dəqiqələrində qol buraxıb 1 xala razılaşmaq məcburiyyətində qalmışdız. Onları səfərdə udmağın yolunu tapa biləcəksiz?
- Düşünürəm ki, həmin qarşılaşmada xal qazana bilərik. Məşqçilərimiz oyunu təhlil edib bizə lazımi göstərişi verəcəklər. Ümid edirəm ki, səfərdə lazım olan nəticəni qazacağıq.
Bilirik ki, Yunanıstana uyğunlaşmaqda problem yaşamadız. PAOK-da işləriniz necə gedir, komandanız neçə oyun oynayıb, məqsədləri-hədəfləri nədir?
- Yunanıstanda, PAOK-da özümü xoşbəxt hiss edirəm. Hər şey yaxşıdır. Çempionat yeni başlayıb, iki tur geridə qalıb. Hər iki oyunu qələbə ilə başa vurmuşuq. Komandamızın məqsədi çempion olmaqdır. Hər iki qarşılaşmada əsas heyətdə çıxış etmişəm. PAOK iddialı, güclü klubdur.
ELVİN