"Güləşçilərin hamısının qarşısına Olimpiadaya lisenziya tapşırığı qoyulub, başqa cür ola bilməz"

"Güləşçilərin hamısının qarşısına Olimpiadaya lisenziya tapşırığı qoyulub, başqa cür ola bilməz"

Mediasport.az sərbəst güləş üzrə milli komandamızın baş məşqçisi Xetaq Qazyumovun Azərbaycan Güləş Federasiyasına müsahibəsini təqdim edir:


Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq necə gedir?

- Avropa çempionatından sonra bu yarışa qədər 2 təlim-məşq toplanışının keçirilməsi nəzərdə tutulmuşdu. İlk hazırlıq prosesini Qubada keçdik. Toplanış çox faydalı oldu. Əsasən fiziki gücün artırılmasına hesablanmış toplanış idi. Ancaq taktika və texnikanın təkmilləşdirilməsinə də diqqət ayırdıq. Hal-hazırda qısa fasilə vermişik. Ayın 17-dən ikinci toplanışa başlayacağıq. Bu dəfə sırf güləş xalçası üzərində taktiki-texniki çalışmalara üstünlük verəcəyik. Yoxlama görüşləri keçirəcəyik. Lisenziya turnirinə qədər ideal forma yığmağı planlaşdırırıq. Bakıda keçiriləcək təlim-məşq toplanışına Rusiyadan sınaqçı-rəqibləri (sparrinq) dəvət etmişik. Xüsusən də ağır çəkilərdə buna ehtiyac var. Çünki bizim komandada bu baxımdan rəqabət zəifdir. 

Yarışda iştirak edəcək heyəti müəyyənləşdirmisiniz?

- Praktiki olaraq heyət bəllidir. Ancaq istəyirik ki, “2-ci nömrələr” də hər an yarışa hazır vəziyyətdə olsun. Çünki istənilən idmançı xəstələnə və ya zədələnə bilər. Sonadək hər çəkidə 2 güləşçini yarışa hazırlayacağıq. Hələ ki, heyəti açıqlamırıq. Lisenziya turnirinə qədər “kartları açmaq” istəmirik.

Bu yarışın evimizdə və doğma azarkeşlər önündə keçirilməsini komandamız üçün üstünlük saymaq olar?

- Əlbəttə. “Doğma divarlar” və azarkeş amili bir tərəfdən üstünlükdürsə, digər tərəfdən ikiqat məsuliyyət deməkdir. Təcrübə göstərir ki, güləşçilərimiz həmişə evdə yaxşı güləşir. İnanıram ki, doğma məkan və azarkeş dəstəyinin təsiriylə güləşçilərimiz ümidləri doğruldacaq.

Qeyd etdiyiniz kimi, bu, həm də böyük məsuliyyətdir. Komanda bu təzyiqin öhdəsindən gələ biləcək?

- Bütün güləşçilərin qarşısına Olimpiadaya lisenziya qazanmaq məqsədi qoyulub. Başqa cür ola bilməz. Təbii ki, psixoloji təzyiq olacaq. Ancaq güləşçilərimiz bu təzyiqin öhdəsindən gələ biləcək qədər təcrübəyə sahibdir. Ümid edirəm ki, onlar bunu bacaracaq.

Ən çox hansı çəkidə lisenziya qazanacağımıza inanırsınız? Hansı kateqoriya sizdə narahatlıq yaradır?

- Kimisə fərqləndirmək doğru olmaz. Yarışda iştirak edəcək bütün güləşçilərimizə inanıram. Bəzi çəkilərdə rəqabət daha güclüdür. Ancaq bu, bizim hədəfimizi dəyişdirmir.

Son vaxtlar Şimali Qafqaz güləşçilərinin Avropa ölkələrinə axınını müşahidə edirik. Bu da sərbəst güləşdə rəqabəti daha da gücləndirib. Bu rəqabət fonunda hədəfə çatmaq nə dərəcədə realdır?

- Olimpiada ərəfəsində bir çox ölkələr Rusiyadan güclü güləşçiləri transfer edib. Bu da rəqabəti daha da gücləndirib. Ancaq qorxmağa dəyməz. İşləmək, məşq etmək, əziyyət çəkmək lazımdır. Hər gün 100 faiz gücünü ortaya qoymalısan. Həm böyüklər, həm gənclər, həm də yeniyetmələrdən ibarət millimizin böyük potensialı var. Azərbaycan Güləş Federasiyasının və məşqçilər korpusunun qarşıya qoyduğu məqsəd Olimpiya Oyunlarında və dünya çempionatlarında ən yüksək səviyyədə çıxış etməkdir.

Sonda güləş azarkeşlərinə nə demək istərdiniz?

- Onlara demək istəyirəm ki, Milli Gimnastika Arenasına gəlin, güləşçilərimizi qələbəyə səsləyin. Həm məşqçilər, həm federasiya olaraq, əlimizdən gələni edirik, ən yüksək səviyyədə təlim-məşq toplanışları keçirik, güləşçilərimizdən maksimum nəticə tələb edirik. Azarkeşlərin bir qədər səbrli olmasını istəyirəm. Hamımız uğur qazanmaq istəyirik. İnşallah, belə də olacaq.