"Bütün şahmatçılar ölkə çempionatında iştirak etməlidirlər"

"Bütün şahmatçılar ölkə çempionatında iştirak etməlidirlər"

Qadın şahmatçılar arasında keçirilən ölkə çempionatında yer tutan idmançılar mükafatlandırılıb.

Mediasport.az xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasında baş tutan tədbirdə ilk "5-lik"də qərarlaşan zəka sahibləri öz mükafatlarını alıblar.

Yer tutan şahmatçılara medalları Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov və vitse-prezident Faiq Həsənov təqdim edib.

Qeyd edək ki, builki çempionatın qalibi 7 turda 5,5 xal toplayan Ayan Allahverdiyeva olub. Rəqibindən yarım xal geri qalan Nərmin Abdinova 2-ci, eyni xala malik Səbinə İbrahimova 3-cü, hərəyə 4,5 xal toplayan Ləman Hacıyeva ilə Səbinə Rzalı müvafiq olaraq 4-5-ci yerləri bölüşüblər.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov mükafatlandırma mərasimində təssüratlarını bölüşüb.

Qurum rəhbəri deyib ki, bütün şahmatçılar Azərbaycan çempionatında iştirak etməlidirlər:

"Azərbaycan çempionatı şahmatımızın gələcəyi üçün çox vacibdir. Təəssüf ki, bütün şahmatçıları cəlb edə bilmədik. Bu il buna hazır deyildik. Azərbaycanın 5 şahmatçısı xüsusi proqramda hazırlaşırlar. Ancaq 2025-ci ildə bütün şahmatçılar ölkə çempionatında iştirak etməlidirlər. Azərbaycan çempionu üçün bu dövrdə xüsusi təqaüd proqramı olacaq. 4-5-ci yerləri tutanlar da bir dəfə beynəlxalq turnirdə iştirak hüququna malik olacaqlar".