Məmmədyarov 7 pillə irəliləyib, Rəcəbovun mövqeyi dəyişməyib
Beynəlxalq Şahmat Federasiyası (FİDE) mart ayı üçün reytinq cədvəlini açıqlayıb.
Mediasport.az xəbər verir ki, Azərbaycan şahmatçılarından heç biri ilk "10-luğ"a düşə bilməyiblər.
Ən yaxşı nəticə göstərən Şəhriyar Məmmədyarov ötən reytinqlə müqayisədə 7 pillə irəliləyərək 2734 xalla 19-cı sıraya yüksəlib.
Hesabında 2723 xalı olan Teymur Rəcəbovun 25-ci pillədəki mövqeyi dəyişməyib.
Rauf Məmmədov 2651 xalla 85-ci sıraya qalxıb, Nicat Abasov isə ilk “100-lüy”ü tərk edib.
Siyahıya əvvəlki kimi norveçli Maqnus Karlsen (2830) başçılıq edir.
ABŞ təmsilçiləri Fabiano Karuana (2804) və Hikaru Nakamura (2789) müvafiq olaraq 2-3-cü yerləri bölüşdürürlər.
Azərbaycanın qadın şahmatçıları arasında ən yaxşı göstərici Günay Məmmədzadəyə (2449) məxsusdur.
Ötən ay reytinqlə müqayisədə 1 pillə geriləyən qrossmeyster 27-ci yeri tutur.
Ülviyyə Fətəliyeva (2384) 67-ci, Gövhər Beydullayeva (2374) 77-ci, Gülnar Məmmədova (2351) 102-ci sıraya geriləyiblər.