Ceyhun Sultanov: "De Byazinin 3 ildə bizə heç bir xeyiri dəyməyib"

Ceyhun Sultanov: "De Byazinin 3 ildə bizə heç bir xeyiri dəyməyib"

“Estoniyanı məğlubiyyətə uğratdıq. Tsikl göstərdi ki, onlar bizdən zəif komandadır. Bizim futbolçuların keyfiyyəti onlardan daha üstündür. Qələbə qazanmaq yaxşı haldır”.

Bu sözləri Mediasport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov deyib.

Veteran yarımmüdafiəçi Avstriyadan xal almağın mümkün olduğunu söyləyib: “Əlbəttə, Avstriyanı evdə məğlub etmək olar. Bu, mümkündür. Onlardan xal ala bilərik. Futbolçuların oyunundan çox şey asılı olacaq. Millimizə uğurlar arzulayıram!”

Sultanov yığmamızın “4-lər” finalına vəsiqə qazanmaq şansını da dəyərləndirib: “Ralf Ranqnikin komandası bizi məğlub edə bilər. Öncədən dediyim kimi, biz də onları məğlub edə bilərik. Yunanıstan, Lüksemburq və Qazaxıstan yığmaları qalib gəlsələr, düşünürəm ki, "4-lər" finalına düşəcəyik. Amma belə bir məsələ də var. İnanmıram ki, Avstriya şansını əldən buraxsın. Ağır oyun olacaq. İstərdim ki, biz də "4-lər" finalına vəsiqə qazanaq. Bunu zaman göstərəcək. Hər şey oyunlar bitdikdən sonra məlum olacaq. Futbolda hər şey mümkündür. İstənilən milli komanda qələbə qazana bilər".

44 yaşlı funksioner Canni de Byazi ilə bağlı fikirlərini bölüşüb: “Mən həmişə demişəm ki, Canni de Byazinin 3 ildə bizə heç bir xeyiri dəyməyib. Onun millinin "sükanı arxasında" qalıb-qalmamağını isə AFFA deyəcək. Son söz onlarındır. Məncə, De Byazinin yığmamızda qalmağının heç bir əhəmiyyəti yoxdur. Federasiya hansı qərarı qəbul edəcəksə, o da reallaşacaq”.

Rövşən