Canni De Byazinin 6 ilə etdiyini braziliyalı məşqçi 9 aya bacarıb
Albaniya yığmasının baş məşqçisi Silvinyo millinin keçmiş "sükançısı" Canni De Byazinin uğurunu geridə qoyub.
Mediasport.az xəbər verir ki, 49 yaşlı braziliyalı mütəxəssis bu uğura Bolqarıstanla yoldaşlıq oyununda (2:0) nail olub.
6 matçdır uduzmayan çalışdırıcı Azərbaycan yığmasında işləyən albanların keçmiş baş məşqçisi Canni De Byazinin uğurunu üstələyib. Albaniya millisi "sambaçı" ilə son 6 qarşılaşmada (5 qələbə, 1 heç-heçə) məğlub olmayıb.
De Byazi isə 2011-2017-ci illərdə çalışdığı millidə 5 görüşdə uduzmayıb.
Albaniya yığmasındakı rekord 2009-2011-ci illərdə baş məşqçi olmuş Yosip Kujeyə məxsusdur. Xorvatiyalı 8 oyun məğlubiyyət almayıb.
Silvinyo millidə 2023-cü ilin yanvarından çalışır. 3 ildir Azərbaycan yığmasına rəhbərlik edən Canni De Byazi 2011/2017-ci illərdə çalışdırdığı Albaniyanı AVRO-2016-nın final mərhələsinə çıxarıb.