Çin idmançıları Bakıdakı Dünya Kubokunda qızıl medal qazandılar
Bakıda keçirilən atıcılıq üzrə “Dünya Kuboku 2023” yarışının ikinci günündə növbəti mükafatçıları müəyyənləşib.
mediasport.az xəbər verir ki, bu gün keçirilən qarışıq komandalar arasında 10 metr məsafəyə pnevmatik tüfəngdən atış yarışlarında qaliblərin adlarına aydınlıq gəlib.
Təsnifat mərhələsini uğurla keçən 4 komanda mükafatlar uğrunda mübarizəyə qoşulub. 3-4-cü yerlərin sahibləri - Macarıstan və Çexiya komandaları arasında üçüncülük yarışında Aneta Brabçova və Frantisek Smetanadan ibarət Çexiya təmsilçisi 17:11 hesabı ilə üstün olmaqla Dünya Kubokunun bürünc medalını qazanıb.
Qızıl medal uğrunda iki Çin komandası mübarizə aparıb. Yuting Hvang-Lihao Şenq ikilisi Jiling Vanq-Aoran Yanq duetinə 16:14 hesabı ilə qalib gələrək fəxri kürsünün birinci pilləsinə yüksəlib.
Bildirək ki, dünən kişilər arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə yarışda İran təmsilçisi Səccad Purhüseyni 240.2 xalla çempion, ukraynalı Oleq Omelçuk 239.8 xalla ikinci, Almaniyalı Robin Valter isə 217.6 xalla üçüncü olub. Təmsilçimiz Ruslan Lunyov medalsız qalıb.