"Çox xahiş edirəm ki, mənə bu barədə suallar verməyin"

"Çox xahiş edirəm ki, mənə bu barədə suallar verməyin"

"Mənim tövsiyyə etməyə hansısa səlahiyyətim yoxdur. İşçi qrupu deyəndə, özləri olacaq. Oxudum. Deyirlər, toplananların yerini dəyişəndə, cəm dəyişmir. Orada İcraiyyə Komitəsindən, federasiyadan, təcrübəli məşqçilərdən kimsə yer alacaq. Mənim səlahiyyətim yoxdur ki, onlara fikir bildirim və ya tövsiyyə edim".

Mediasport.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının 14-cü turunun "Sabah"la səfər matçından sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Milli komanda haqda danışmaq istəməyən təcrübəli mütəxəssis əvvəlcə qarşılaşma haqda fikir bildirib.

"Futbolçularımı təbrik edirəm. Nəticəni bir yana qoysaq, çox yaxşı oyun getdi. Azarkeşlər üçün maraqlı, dinamik oyun oldu. Bizim səhvlərimiz çox idi. Xüsusən də, ilk hissədə. Bunu da normal qəbul edirəm. Uzun fasilədən sonra kollektivin hazırlıqları fərqli olur. Futbolçularda yorğunluq var idi, bəziləri öz idman formasından uzaqlaşmışdı. Bu cür rəqibə qarşı oynamaq bizim üçün həmişə çox xoşdur. "Sabah" meydanda nə etdiyini bilən, dinamik, sürətli futbol oynayan və sürətli futbolçuları olan komandadır. Bəlkə də, bu gün "Sabah" uduzmağa layiq deyildi. Amma biz vacib üç xal qazandıq. Onlara uğurlar arzulayıram. Bu komanda get-gedə daha təhlükəli olacaq. Bunu bu gün tam hiss etdik. Futbolçularım çox əziyyət çəkdi. Stadionda olan bütün azarkeşlərə təşəkkür edirəm".

Qurbanov daha sonra Azərbaycan milli komandasında əcnəbi, yoxsa yerli baş məşqçinin işləməsi ilə bağlı sualı belə cavablandırıb:

"Çox xahiş edirəm ki, mənə bu barədə suallar verməyin. Dəfələrlə bildirmişəm ki, heç kimin işinə qarışmaq istəmirəm. Buradan məsləhət vermək də istəmirəm. Bu barədə fikir bildirməyim düzgün olmaz. Adımın hallanmasına gəlincə, 15 ildir ki, adım Azərbaycan millisi ilə hallanır. Digər məşqçilərin də həmçinin. Hər dəfə belə olub. Amma bu gedişat heç vaxt dəyişmir. Hər dəfə bu müzakirələr eyni proqram üzrə gedir".


"Sabah"la oyun "Molde" ilə matçqabağı sizə necə fayda verəcək?

- Faydası mütləq olacaq. Sadəcə, "Sabah" və "Molde" tam fərqli sistemdə oynayan komandalardır. Bu oyunda etdiyimiz səhvlər inanıram ki, "Molde" oyunöncəsi bizə çox fayda verəcək. Çünki "Molde" evdə oynayır, mütləq qalib gəlməlidirlər. Ola bilsin ki, çox pressinq etdilər. Bunlara hazır olmalıyıq. Amma ümumən mənə ən vacibi futbolçularımın əvvəlki formasını geri qaytarmasıdır. Bu görüşün faydası çox oldu. Futbolçular da gördü ki, öz idman formalarından uzaqlaşıblar. Biz də çatışmazlıqlarımızı gördük. İnanıram ki, bu oyunun bizə ancaq faydası olacaq. Futbolçularla danışılası, məşq prosesində diqqət ayırası çox elementlər oldu.

"Partizan"a getməmişdən qabaqkı Patrik Andradeni görmək ehtimalımız nə dərəcədə mümkündür?

- Məncə, özünə qayıdır. Çox irəliləyiş qət edib. Patrik və Leandro Andrade dünən günorta saatlarında Bakıya çatmışdılar. Komanda ilə heç məşq də etməmişdilər, 24 saat yolda olublar. Bilirsiz, onların Esvatini ilə oyunları noyabrın 21-də idi. İnanın ki, onları meydana buraxaraq risk də etmək istəmirdim. Amma lazım idi. Oyunun gedişatına görə də lazım gəldi. Patrik son vaxtlar çox yaxşı proqram üzrə çalışır və bütün məşqlərdə ən yaxşılardan biridir. Patrik qayıdıb. Qarşıdakı matçlarda Patrik, Yankoviç, Riçard Almeyda, Romao - hamısından oyuna görə istifadə edəcəyik.

Andrey Lunyova bir epizodda irad bildirdiz, bu, nə ilə bağlı idi?

- İrad deyəndə ki, oyun epizodu idi. İlk hissədən sonra bəzi fikirlərimi bildirmişdim. Bəzi epizodlarda ona əməl etmədi deyə, fikirlərimi bildirdim. Elə də böyük irad deyildi.

Bir neçə dəfə hakimlərə narazılıq bildirdiz. Ümumiyyətlə, bu gün hakim idarəçiliyini necə dəyərləndirərdiz?

- Hər iki tərəfdən narazılıq var idi. İstər-istəməz narazılıqlar olur. İlk hissədən sonra yaxınlaşıb fikirlərimizi bildirdikdə, dedi ki, bəli, bəzi epizodlarda səhv oldu. Bəlkə diqqətsizlik oldu deyə, görmədi. Amma hər iki tərəfə oldu. Çox böyük də irad bildirmədik. Hazırda elə də narazılığım yoxdur.

Norveç səfərinə noyabrın 29-da yollanacaqsız. Maraqlıdır ki, səfər proqramı niyə belə seçilib? Bu, sizə çətinlik yaratmayacaq?

- Altı gün sonra oynayacağıq. Əvvəlki proqramımız iki gün öncə Norveçə getmək idi. Sonra dəyişdik, bir gün öncə ora getməyi planlaşdırdıq. Ayın 27 və 28-dəki məşqlərimiz çox vacibdir. Norveçə yol uzundur. Ümumiyyətlə, iki gün əvvəl proqram tutanda səhər məşq edirik və sonra səfərə çıxırıq. Amma altı gün vaxtımız olduğuna görə istədik ki, məşqlərimizi burada edək. Oyunöncəsi bir o qədər də məşqimiz olmayacaq. Əksinə, oyun günü səhər məşq edəcəyik. Üç saat fərqimiz var, Norveçdə də hava çox soyuqdur. Futbolçuları həm fiziki, həm də psixoloji olaraq çox yormaq istəmədik. Bəzən belə proqramlarımız olub, bu cür addımlar atmışıq.

Julio Romaonun yoxluğu təsirini nə dərəcədə göstərəcək?

- Təsirini göstərəcək. Bu, elə oyundur ki, istənilən dəyişikliklər vacibdir, həm də əsas heyətin oyunçularının iştirakı vacibdir. Onun olmaması təsir edə bilər. Allah qoysa, digər futbolçularıma oyuna qədər bir şey olmaz. Patrik Andrade və Riçard Almeydanın təcrübəsi var. Tələblərimizi də bildiklərinə görə, inanıram ki, Romaonun yoxluğunun bir o qədər təsiri olmayacaq. Amma ümumi oyunun gedişatına baxsaq, matçın gedişində hansısa dəyişiklik etmək istəyə bilərik. Məhz bu mənada Romaonun olmamasını böyük itki kimi adlandırmaq olar.

"Molde"ni startda məğlub etməyi bacarmışdız. Artıq həmin görüşün üstündən xeyli vaxt keçib. Rəqibin oyununda hansı fərqli məqam diqqətinizi çəkib?

- "Molde" neçə illərdir ki, öz oyun stilində oynayır və onu dəyişmir. Onu da çox yaxşı icra edirlər. Stabil heyətləri və stabil oyunu var. Öz meydanında da çox fərqli və dinamik futbol nümayiş etdirirlər. Meydança amili də var. Süni örtüklü meydança daha çox bizə mane ola bilər. Çünki "Molde" illərdir ki, bu cür meydanda oynayır. Hava şəraiti də var. Amma bunları o qədər də düşünmürük. Bir oyunluq bu məqamlar bir o qədər də təsir etməli deyil.