Cüdo tariximizin ilk olimpiya çempionu: "Acınacaqlı vəziyyətdi"
Qətərin paytaxtı Dohada keçirilən cüdo üzrə Dünya çempionatında milli üzvlərinin uğursuz çıxışı davam edir.
mediasport.az xəbər verir ki, medal hesabını Hidayət Heydərovun (73 kq) açacağını gözləyənlərin də ümidləri puç olub. Ardınca Səid Mollayi (81 kq) də uğursuzluqla üzləşib.
Daha əvvəl isə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurub.
Hazırda Dohada cüdoçularla bərabər olan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, cüdo tariximizdə ilk olimpiya çempionumuz (Barselona-1992) Nazim Hüseynov "Futbol+" qəzetinə açıqlamasında idmançılarımızın uğursuz çıxışı barədə bunları deyib:
“Acınacaqlı vəziyyətdi. Baş verənlər məndə çaşqınlıq yaratdı. Milli üzvlərinin uğursuz çıxış edəcəyinə inanmırdım. Təəssüf ki, çox sadə səhvlər ucbatından məğlubiyyətlər yaşadıq. Mən öz işimi görürəm. Hər idmançıya məsləhət verirəm. Xüsusilə Səid Mollayi və Hidayət Heydərovun məğlubiyyəti gözlənilməz oldu. Açığı, Məmmədəli Mehdiyevə o qədər də güvənmirdim. Nəticə sürpriz olmadı. Amma Murad Fətiyev çox bacarıqlı və perspektivli cüdoçudu. Medalsız qalması məni çox heyfsləndirdi.
İdmançıların səhvləri üzərində işləməsi vacibdi. Bacardığım qədər təcrübəmi bölüşürəm. Lakin məşqçilər bu prosesə daha ciddi yanaşmalıdı. Arzum odu ki, dünya çempionu Azərbaycan təmsilçilərindən biri olsun. Qarşıdakı görüşlərə köklənmək lazımdı. İnşallah, yaxşı olacaq. Ümid hələ də var”.
Dünya çempionatı mayın 14-də başa çatacaq.