Azərbaycan ilk dəfə qadınlar arasında ÇL-də təmsil olunacaq

Azərbaycan ilk dəfə qadınlar arasında ÇL-də təmsil olunacaq

"Klubların lisenziyalaşdırılması sisteminin müsbət təsiri təkcə Azərbaycanda deyil, bütün dünyada sübut olunub".

Mediasport.az xəbər verir ki, bu sözləri AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov FIFA-nın rəsmi saytına açıqlamasında deyib.

Cari mövsümdən Yüksək Qızlar Liqasının qalibi müvafiq lisenziya əldə etməklə, ilk dəfə olaraq ölkəmizi UEFA-nın qadınlar arasında Çempionlar Liqasında təmsil etmək hüququ qazanacaq.

Məsələ ilə bağlı danışan AFFA rəsmisi bildirib ki, bu amil Azərbaycanda qadın futbolunun inkişafına töhfə verəcək: “Hiss edirik ki, bu sahədə hələ çox görüləsi iş var. Biz yolun başlanğıcındayıq. Bu, eyni zamanda həyəcanverici və stimullaşdırıcıdır, başlamaq üçün səbirsizlənirik”.

E.Məmmədov bu istiqamətdə yaradılan şəraitə görə FIFA-dan olan həmkarlarına təşəkkür edib: “Həm maliyyə, həm də digər ölkələrin təcrübələrini bölüşmək baxımından göstərilən dəstəyə görə minnətdarlığımı bildirmək istərdim. FIFA ilə belə mühüm məsələdə işləməkdən çox məmnunuq".