"İstədiyimizi reallaşdırmaq üçün sonadək mübarizə aparmalıyıq"

"İstədiyimizi reallaşdırmaq üçün sonadək mübarizə aparmalıyıq"

"Macarlar çox yaxşı futbolçulardan təşkil olunmuş komandadır. Yüksək səviyyəli çempionatları var. Futbolçularının əksəriyyəti Avropanın aparıcı çempionatlarında legioner həyatı yaşayır. İtaliyanın "İnter", Almaniyanın "Bavariya", "Köln", İsveçrənin "Sürix" kimi güclü komandalarında çıxış edirlər".

Bu sözləri Mediasport.az saytına açıqlamasında Azərbaycanın qadınlardan ibarət milli komandasının kapitanı Sevinc Cəfərzadə deyib.

Karyerasını Səudiyyə Ərəbistanının "İst Fleyms" klubunda davam etdirən yığmamızın futbolçusu Avropa çempionatının seçmə mərhələsinin B Liqasında qarşılaşacaqları Macarıstanla matç haqqında fikirlərini bölüşüb.

Müqavilə ilə Rusiyanın "Krasnodar" klubuna məxsus 30 yaşlı yarımmüdafiəçi millimizi çətin oyunların gözlədiyini bildirib:

"Gördüyünüz kimi, asan qrupa düşməmişik. Macarıstan, İsveçrə və türkiyə komandaları kifayət qədər güclü rəqiblərdir. Biz, bilirsiz ki, yeni, kiçik addımlarla irəli getməyə çalışırıq. Fikrimcə, Macarıstanla qarşılaşma çox çətin olacaq. Meydana xal qazanmaq üçün çıxacağıq. İstədiyimizi reallaşdırmaq üçün səbrli olub sonadək mübarizə aparmalıyıq.

Ən vacib olanı oyun planına riayət etmək, məşqçinin tapşırıqlarını düzgün yerinə yetirməkdir. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Rəqibin kimliyindən asılı olmayaraq, məqsədimiz ölkəmizin adını uca tutmaqdır. Kapitan kimi komandamıza güvənirəm və inanıram ki, meydanda bacardığımı göstərəcəyik".

Xatırladaq ki, komandamız Macarıstan seçməsilə aprelin 5-i saat 19:45-də səfərdə üz-üzə gələcək.

Aprelin 9-u saat 16:00-da Bakıda İsveçrə futbolçularını qəbul edəcək yığmamız türkiyə millisi ilə yayda qarşılaşacaq.

Elvin