"Canni De Byazi hiss edir ki, nağıllar aləmi bitmək üzrədir"
“Azərbaycan millisi Estoniya ilə ev oyununda qələbə qazanmağa borclu idi. Necə ki, səfər qarşılaşması bunu sübuta yetirdi. Görüşə gəldikdə, futbolçularımız layiqli qələbə qazandılar, hesab isə daha böyük ola bilərdi”.
Bu sözləri Mediasport.az-a açıqlamasında keçmiş FİFA referisi, “Neftçi”nin sabiq vitse-prezindeti Tahir Süleymanov deyib.
O, istənilən matçda xal qazanmağın mümkün olduğunu bildirib: “Püşkatmadan sonra Azərbaycan millisinin qrupda heç bir şansının olmayacağı öncədən məlum idi. İstənilən görüşdə xal qazanmaq mümkündür. Estonlar üzərində qələbə eyforiya yaratmamalıdır. Bəhanələr gətirmədən, əzmkar, aqressiv oyun, düzgün heyət seçimi, taktiki gedişlərlə azarkeşləri sevindirmək mümkündür”.
Millimizin baş məşqçisi Canni de Byazi dünənki matçdan sonra keçirilən mətbuat konfransında jurnalistin, "Estoniyaya qalib gәlsәk dә, etiraf etmәliyik ki, çoxdandı belә zәif rәqiblә oynamamışdıq..." fikirlərinə qəzəblənib və zalı tərk edib. Təcrübəli referinin məsələ ilə bağlı fikri isə belə olub: “Canni de Byazi təcrübəsinə, yaşına uyğun səbirli davranmalı, istənilən suala təmkinli cavab verməyi bacarmalıdır. İtalyan mütəxəssis yaradılan şəraitə uyğun, sıradan bir rəqib qarşısında qələbədən sonra alqışlarla qarşılanacağını düşünürdüsə, kökündən yanılır. Oyundan öncə baş məşqçi və AFFA-nın baş katibi Sərxan Hacıyevin açıqlamaları arasında böyük fərq var idi. Əvvəlki illərdə belə hallar müşahidə edilmirdi, federasiya rəsmiləri ilə baş məşqçinin bəhanə dolu fikirləri üst-üstə düşür, məğlub psixologiya ilə eyni nöqtəyə vurulurdu. İndi isə baş katibin qəti mövqeyi italyanda narahatlıq yaratmaya bilməzdi. Baş məşqçidən fərqli olaraq, futbolçular "qələbədən başqa yolumuz yoxdur" çağırışını qəbul edib meydanda sona kimi mübarizə apardılar. De Byazi hiss edir ki, nağıllar aləmi bitmək üzrədir”.
Tahir Süleymanov Azərbaycan futbolunun doğru-dürüst, köklü islahatlara ehtiyac duyduğunu dilə gətirib: “Azərbaycan futbolunun problemləri, yerli və ya əcnəbi baş məşqçi məsələsi deyil, daha dərin, qlobal, stratejidir. Ümumi futbol təsərrüfatında illərdi şəxsi məqsədlərə qulluq edən sistemsizlik hökm sürür. Torresdən de Byaziyə kimi 20 ildir baş məşqçi məsələsi müzakirə edilir və heç bir nəticə yoxdur. Baxmayaraq ki, bu illər ərzində dövlətin, sponsorların qayğısı sayəsində futbola yüz milyonlarla dollar vəsait xərclənib. Təhlillər daha geniş aparılmalı, bataqlığa sürüklənmiş futbolda doğru-dürüst köklü islahatlar aparılmalıdır”.
O, ölkə futbolunun böyük potensiala sahib olduğunu söyləyib: “Toral Bayramov, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Mahir Emreli, Coşqun Diniyev, Rahil Məmmədov və digər yerli futbolçular onu göstərir ki, istiqamət uşaq-gənclər futboluna yönəlməli, strateji idarəçilik adına beyinlər dəyişməlidir. Azərbaycan futbolunda böyük potensial, imkanlar var. İstedadların, bacarıqlı futbolçuların üzə çıxması, yetişməsi üçün işlək mexanizm, peşəkarlığa söykənən futbol sistemi qurulmalıdır. Ancaq bu yanaşma ilə Azərbaycan futbol inkişaf edə, layiq olduğu yerlərə ucala bilər”.
Rövşən