"De Byazinin qalıb-qalmayacağına İK üzvləri qərar verəcəklər" - Baş katib

"De Byazinin qalıb-qalmayacağına İK üzvləri qərar verəcəklər" - Baş katib

AFFA-nın baş katibi Sərxan Hacıyev AÇ-2024-ün seçmə mərhələsinin Azərbaycan - Estoniya görüşündən sonra jurnalistlərin suallarını cavablandırıb.

MediaSport.az xəbər verir ki, federasiya rəsmisi 1:1 hesabı ilə başa çatan matçdan sonra millimizin dolayısı ilə qrupda ilk 3 yer uğrunda rəqabət aparacaq gücdə olmadığını etiraf edib.

– Açığı, oyunun nəticəsi o qədər də ürəkaçan olmadı. İlk hissədə komanda yaxşı təsir bağışlamadı. Fasilədən sonra kollektiv toparlandı. Bunun nəticəsində hesabı bərabərləşdirdi. Təəssüflər olsun ki, bundan artığını etmək mümkün olmadı. Lakin bunu əvvəlki müsahibələrimdə də demişdim. Qalib gəlsəydik də, eyforiyaya qapılmağa ehtiyac yox idi. Gələcəyə baxmaq lazımdı. Futbolun, uşaq futbolunun inkişafı ilə məşğul olmaq lazımdı. Bu yöndə müəyyən işlər aparmalıyıq. Çalışırıq nəsə edək. Böyük futbolda da dəyişikliklər edək. Bilirsiz ki, İcraiyyə Komitəsinin son iclasında müəyyən qərarlar qəbul olundu. Düşünürük ki, bu, nəticəsini verəcək.

Bu gün 1 xal qazandıq, yoxsa 2 xal itirdik?

– Bu oyunda qalib gəlməli idik. Meydana qələbə üçün çıxmışdıq. Qələbə olmalı idi. Təəssüflər olsun ki, alınmadı. Düşünürəm ki, 2 xal itirdik. İstənilən oyunda qalib gəlmək üçün meydana çıxmaq lazımdı. Heç-heçə üçün oynamaq düzgün deyil. Fürsətdən istifadə edib azarkeşlərə təşəkkürümü bildirmək istəyirəm. Stadionun 50 faizindən çox hissəsi dolmuşdu. Bu arena şəhərə o qədər də yaxın deyil. Buna baxmayaraq, azarkeşlərimiz görüşə gəldi. Jurnalistlər də sağ olsun ki, vaxtlarını ayırıb görüşü işıqlandırmaq üçün gəldilər. Lakin təəssüf ki, nəticə ürəkaçan olmadı.

Jurnalistlərlə ilk görüşünüzdə demişdiz ki, şahmatla məşğul olmusuz. Bu qrupda evdə estonları məğlub edə bilmiriksə, kimisə mat etmək potensialımız var?

– Qrupumuza baxanda, reallıqla danışmalıyıq. Rəqiblər bəlli olandan sonra çıxıb desəydik ki, 1-ci və ya 2-ci yer üçün oynayırıq, hər birimiz üçün qeyri-səmimi olardı. Estoniya Belçika, İsveç, Avstriya ilə müqayisədə bir az münasib rəqib idi. Lakin estonları məğlub edə bilmədik. Görünən odu ki, qrupda ilk üç yer uğrunda mübarizə apara bilməyəcəyik. Oynayırıq, əslində. Nəticələrdən belə görünür ki, çox çətin olacaq.

Nazir və digər rəsmilər görüşdən sonra stadionu dərhal tərk etdilər. İcraiyyə Komitəsinin üzvləri isə 51 dəqiqədən sonra. Sirr deyilsə, nə haqda söhbət etdiz?

– Oyunun nəticəsi ilə bağlı müzakirələr idi.

Oyundan sonra mətbuat konfransında Canni de Byazi dedi ki, yalnız qovulacağı təqdirdə gedəcək. Nə baş verməlidi ki, İcraiyyə Komitəsi onu istefaya göndərsin?

– Bu, bir az çətin sualdı. Mənim baş katib səlahiyyətlərimi aşır. Oyun təzə bitib. Bu məsələ ilə bağlı İcraiyyə Komitəsinin üzvləri müəyyən fikir mübadiləsi aparacaq. Bundan sonra qərar veriləcək ki, De Byazi ilə yola davam edilsin, ya yox. Özünün də bildirdiyi kimi, noyabrın sonuna qədər müqaviləsi var. Burda bəzi amilləri də nəzərə almaq lazımdı. Həm baş məşqçinin müqaviləsi var, həm də riyazi olsa da, şanslarımız qalır. Millətlər Liqasında pley-off oynamaq ehtimalımız var. Əlbəttə ki, bu, çox real olmayan şanslardı. Milli komanda nəticələr əldə etməlidi ki, biz önə gedə bilək.

İcraiyyə Komitəsinin son iclasında sürpriz qərarlar oldu. İmişlidə 2 peşəkar klub olacağı halda, Lənkəran klubu heç bir liqaya buraxılmadı. Özünüz də demişdiz ki, əsas infrastruktura fikir verəcəksiz.

- İmişlidə 2 komandanın fəaliyyət göstərməsi orda stadionun mövcudluğu ilə bağlıdı. İki kollektiv o stadiondan istifadə edəcək. Bundan əlavə, İmişli futbol bölgəsidi. Orda 2 komandanın olması yaxşı qarşılanır. Cənub zonasından isə başlanğıc olaraq Lerikdə peşəkar kollektivin formalaşmasına qərar verdik. Ola bilər ki, bundan sonra müəyyən illərdə digər komandalara da şans yaradılsın.

– Yığma komandanın meneceri İlqar Qurbanov bildirib ki, dəfələrlə Canni de Byaziyə Emin Mustafayevin xidmətini təklif edib. Onun milliyə çağırılmamasının səbəbi nədi?

– Açığı, bu, daha çox texniki sualdı. De Byazinin cavablandırmasının daha doğru olduğunu düşünürəm. Daha çox onun fikirlərini eşitmək məqsədəuyğun olar.