"Digər oyunlarda olduğu kimi, sonluğu gətirə bilmədik"
“Sona kimi mübarizə apardıq. Lakin təəssüf ki, digər oyunlarda olduğu kimi sonluğu gətirə bilmədik".
Mediasport.az xəbər verir ki, bu sözləri "Sabah" basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis deyib.
Litvalı mütəxəssis FİBA Avropa Kubokunun qrup mərhələsinin 3-cü turu çərçivəsində Bakıda "Norrçöpinq Delfins"lə keçirilmiş matçı şərh edib.
Təcrübəli çalışdırıcı İsveç klubuna 70:74 hesablı məğlubiyyət haqda bu fikirləri səsləndirib:
"Oyunun sonlarında ekstra nələrsə etmək lazım olanda bunu bacarmırıq. Adi epizodlarda top itkilərinə yol verdik. Görüşdən öncə oyunçulara dedim ki, biz nə qədər yaxşı müdafiə olunsaq da, qələbə üçün bu qarşılaşmada bizə 80 xal yığmaq lazımdır. İstənilən halda bundan sonra da hər qarşılaşmaya qələbə üçün çıxacağıq. De Andrenin yoxluğu hiss olunurdu. O bizim ən çox xal qazanan basketbolçumuzdur. Lakin bildirdi ki, ağrıları var”.
Xatırladaq ki, Azərbaycan çempionunun növbəti matçı oktyabrın 30-da Bakıda Belçikanın "Spiru" kollektivinə qarşı olacaq.
"Sabah" 3 turdan sonra 3 xalla sonuncu pillədə qərarlaşıb, evdə Yunanıstanın "Marussi" klubuna qalib gələn (79:69) lider "Spiru"nun 6 xalı var.