DTX TƏCİLİ məlumat yaydı
Sosial şəbəkələrdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri ilə bağlı videomateriallar yaymaq ciddi hüquqi məsuliyyət yaradır.
Mediasport.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.
Qeyd edilib ki, son günlər “Telegram” kanallarının Ermənistan xüsusi xidmət orqanları ilə əlaqəli olan seqmentində Azərbaycan Ordusunun hərbi birləşmələri, onların dislokasiyası, yerdəyişmələri, döyüş və səfərbərlik hazırlığı, silahları, hərbi texnikası ilə bağlı videokadrların çəkilib sosial şəbəkələr vasitəsilə yayılmasına təhrik edən çağırışlar yer almaqdadır:
"Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bu kimi hallar nəzarətə götürülüb və analoji hərəkətləri etməyə təşəbbüs göstərən şəxslər barəsində zəruri tədbirlərin görülməsi təmin ediləcək.
Bildiririk ki, ölkəmizin milli təhlükəsizliyinə və müdafiə qabiliyyətinə ciddi ziyan vuran, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə aid və dövlət sirri təşkil edən məlumatları özündə ehtiva edən videoçəkilişləri apararaq yaymaq qətiyyən yolverilməzdir və vətəndaşları belə əməlləri etməkdən çəkinməyə çağırırıq.
Eyni zamanda vurğulayırıq ki, qeyd olunan hüquqazidd hərəkətlərə qəsdən yol verilməsi dövlət sirrini yayma, bəzi hallarda isə dövlətə xəyanət cinayət əməllərinin törədilməsi şübhəsi üzrə araşdırma predmeti kimi çıxış edir və müvafiq hüquqi məsuliyyət tədbirlərinə səbəb olur".