Məşhur şahmatçılarımızdan Aronyana şillə kimi cavablar!

Məşhur şahmatçılarımızdan Aronyana şillə kimi cavablar!

Dünya şöhrətli azərbaycanlı şahmatçılar - Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov ermənistanlı həmkarları, sərsəm iddia ilə çıxış etmiş Levon Aronyana cavab veriblər.

Mediasport.az xəbər verir ki, hər iki qrossmeysterimiz Levonun feysbuk hesabında Qarabağ ermənilərinin guya, "blokada"da olması ilə bağlı etdiyi paylaşıma biganə qalmayıb.

Şahmatçılarımızın sosial şəbəkə hesablarında paylaşdığı postları olduğu kimi təqdim edirik:

"Levon, mən məhz düzünü yazmaq istəyirəm!

Yazdığın statusda azərbaycanlı həmkarlarından həqiqəti deməyi istəmisən. Həqiqət isə budur.

Birincisi Xankəndiyə gedən yol Azərbaycan tərəfindən heç vaxt blokadaya alınmayıb və əksinə olaraq hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyevin səyləri nəticəsində Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları parallel istifadə olunur. Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni əhalisini öz əhalisi hesab edir, onların ictimai-siyasi cəhətdən inteqrasiyasına çalışır və buna nail olacaq. Azərbaycan öz vətəndaşlarının aclıq çəkməsinə heç cür səbəb ola bilməz və bunu imkan verməz.

Xankəndiyə humanitar yüklərin aparılmasında problem yoxdur, sadəcə yüklər yoxlanılır. Qarabağ bölgəsində qanunsuz hərbi birləşmələrin hələ də qalması ciddi təhlükə mənbəyidir və onlar oradan mütləq çıxmalıdır.

Levon, bilirsən ki, uzun illər ermənilər Azərbaycanda rahat şəkildə yaşayır, işləyir. 2015-ci ildə Dünya Kuboku zamanı Bakıda olmusan, şəhəri gəzmisən, heç bir problemlə üzləşməmisən. Azərbaycanlıların qonaqpərliyini gördün, hətta İçəri Şəhəri gəzdin, şəkil çəkdirdin. Həmin il Bakıda I Avropa Oyunlarının açılış mərasimində Ermənistan bayrağı və idmançıları təntənəli paraddan keçdi və heç bir hadisə baş vermədi. 2023-cü ildə İrəvanda isə ermənilər “qonaqpərvərliyi”ni nümayiş etdirdi, canlı efirdə ağır atletika üzrə Avropa çempionatında Azərbaycanın bayrağını yandırmaqla. Bax bu əsl vəhşilikdi!

Yəqin dünya şahmat ictimaiyyətinin və bizlərin Ermənistan üçün ən çətin vaxtda Amerikaya qaçdığını unutduğumuzu düşünürsən. Bu addımla “vətən” adlandırdığın ölkəyə əsl münasibətini göstərdin və uzaq Amerikaya getməklə daha firavan həyatı seçdin. Yüz minlərlə azərbaycanlılar o cümlədən mənim valideynlərim isə 30 il öncə doğma Zəngilandan didərgin salındı, yaxın qohumlarımızı itirdik. Sən rahat şəkildə ölkəni dəyişmisən, azərbaycanlılar 30 il öncə dogma yurdlarından qaçqın düşüb.

Okeanın o tayından reallığın nə yerdə olduğunu görmək mümkün deyil, həqiqəti və yalanı yerində görmək üçün səni Azərbaycana dəvət edirəm. Düşünürəm yenidən çox böyük məmnuniyyətlə səfər edərsən.

Levon, biz dəfələrlə şahmatda rəqib olmuşuq. Heç vaxt bilmədiyin debütü oynamamısan, tapşırıqla gediş etməmisən. Bu dəfə şahmata və şahmatçıya yaraşmayan “debütü” oynamaq istədin, məncə sifarişli “gediş” etdin".

Şəhriyar Məmmədyarov

Azərbaycan milli komandasının üzvü

Beynəlxalq qrossmeyster

18 sentyabr 2023-cü il



“Şahmat strategiya və zəka dünyasıdır, burada hər bir hərəkət dərin düşüncə və diqqətli təhlil tələb edir. Bu oyunda manipulyasiyaya və yalana yer yoxdur. Bizə dürüstlüyü və ədaləti öyrədir. Qrossmeysterlər yüksək şahmat titullarının sahibləri kimi bu maraqlı oyunun ruhunu mənimsəmişlər və təkcə lövhədə deyil, həm də ifadələrində dürüstlük nümayiş etdirməyə borcludurlar.

Amma təəssüf ki, erməni şahmatçı, üçqat olimpiya çempionu Levon Aronyanla bağlı belə deyil.

Yadımdadır, 44 günlük İkinci Qarabağ Müharibəsi zamanı Aronyan “əlinə silah alıb müharibəyə getməyə hazır olduğunu” demişdi.

Bəs riyazi təfəkkürə malik olan Aronyan fikirləşdimi ki, bu bəyanatı ilə əslində Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını dəstəkləyib, Xankəndindəki separatçıları ruhlandırıb və bununla da regionda vəziyyətin daha da gərginləşməsinə öz töhfəsini verib?

Şahmat mədəni, dini və siyasi fərqlərindən asılı olmayaraq dünyanın hər yerindən insanları birləşdirir. Bu oyun sülhün və diplomatiyanın simvoluna çevrilib, burada hətta Soyuq Müharibə dövründə də şahmatçılar sülhün vasitəçisi və simvolu olublar.

Əsrlər boyu ermənilərlə azərbaycanlılar yan-yana, mehriban qonşuluq şəraitində yaşamış, birgə çalışmış, sevinmiş, kədərlənmişlər. Lakin 90-cı illərdə erməni şovinizmi, separatizm Azərbaycan vətəndaşları olan Qarabağ ermənilərinin beynini zəbt etdi”.

Teymur Rəcəbov Aronyana ermənilərin illərdir, xalqımıza etdiklərini xatırladıb:

“44 günlük İkinci Qarabağ Müharibəsindən sonra isə Azərbaycan Silahlı Qüvvələri 30 ilə yaxın erməni işğalı altında olan rayonlarımızı azad etdi və Ermənistanı təslim olmağa, həmçinin tam məğlubiyyətini etiraf etməyə məcbur etdi. Levon Aronyan susdu.

Azərbaycan əsgərləri yerlə-yeksan edilmiş kəndləri, rayon mərkəzlərini, qəsəbələri, şəhərləri - bütün evlərin, tikililərin xarabalıq qalasına çevrildiyini göstərəndə o, susdu. Aronyan Qafqazın Xirosiması - erməni işğalçıları tərəfindən yer üzündən silinmiş Ağdam şəhəri haqqında heç nə deməyib. Dağıdılan və ya tövləyə çevrilən məscid və ibadət evləri haqqında da həmçinin. On minlərlə azərbaycanlı vəhşicəsinə işgəncələrə məruz qalıb, öldürülüb. Ermənistanın, erməni işğalçılarının və separatçı quldur dəstələrinin ölkəmizə gətirdiyi misilsiz müsibətlər haqqında da susdu. Yox, o, inadla susdu. İndi danışdı.

O, “Facebook” profilində erməni təbliğatının və dezinformasiyasının sözlərini sözbəsöz təkrar edərək, Azərbaycana qarşı ittihamlar səsləndirib. İddia edir ki, Qarabağ erməniləri “blokadadır, onların nə yeməkləri, nə də dərmanları var”.

Ağdam-Xankəndi yolu işləyəndə, keçid məntəqəsi işlək vəziyyətdə olanda, hər iki istiqamətdə hərəkət edən yüklərə baxış keçirilərkən hansı “blokada”dan söhbət gedir. Məhz Azərbaycanın səyi ilə həm Ağdam-Xankəndi, həm də Laçın-Xankəndi yolları fəaliyyətə başladı. Qarabağ həm dünya ictimaiyyəti, həm də son vaxtlar Ermənistan tərəfindən tanınan Azərbaycanın beynəlxalq səviyyədə tanınan torpağıdır. Orada yaşayan ermənilər isə Azərbaycana inteqrasiya etməlidirlər.

"Oyanaq, insanlar. Biz susqunluğumuzla bəşəriyyətin əsrlər boyu utanacağı bir şeyin baş verməsinə icazə verə bilmərik. Biz nəslimizə baş verənlər haqqında danışmağı və bu biabırçı vəziyyəti dəyişdirə biləcək insanlara çatmağa borcluyuq”, - deyə Levon Aronyan yazır.

Mən tamamilə razıyam, Aronyan - gəlin susmayaq, gəlin Ermənistanın Xocalıda Azərbaycan xalqına qarşı həyata keçirdiyi əsl soyqırımdan danışaq.

Günahsız və silahsız insanların qətlə yetirilməsindən, qocaların güllələnməsindən, süngüyə sancılan körpələrdən, hamilə qadınların diri-diri yandırılmasından, uşaqların döyülərək öldürülməsindən, dağıdılan şəhər və kəndlərdən, dağıdılmış daş-kəsmələrdən. Hələ uzun illər təmizləməli olduğumuz minalanmış sahələr haqqında.

Gəlin səmimi olaq. Qrossmeysterin dürüstlüyü təkcə etik standart deyil, həm də şahmat ictimaiyyətinin və bütövlükdə cəmiyyətin hörmət və etibarının açarıdır. Hər bir yalançı bəyanat şahmatçının etibarını sarsıdır və bütün şahmat dünyasının reputasiyasına xələl gətirir.

Və unutmayın ki, qrossmeysterlər öz söz və hərəkətlərinə görə məsuliyyət daşıyırlar və yüksək dürüstlük standartlarına riayət etməlidirlər”.

Teymur Rəcəbov

Azərbaycan milli komandasının üzvü

Beynəlxalq qrossmeyster

18 sentyabr 2023-cü il