Dünya çempionatının nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi
Bakıda keçirilən taekvondo üzrə dünya çempionatının nümayəndə heyəti - Dünya Taekvondosunun prezidenti Çunqvon Çu, qurumun baş katibi Seo Jeonqkanq, Türkiyə Taekvondo Federasiyasının prezidenti Metin Şahin və Azərbaycan Taekvondo Federasiyasının rəsmiləri Fəxri xiyabanı ziyarət ediblər.
mediasport.az xəbər verir ki, nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gedən nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Ulu Öndər Heydər Əliyevin 100 və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. İyunun 4-dək davam edəcək 26-cı dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizəyə qoşulub.
Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.
Çempionatda ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq iştirak edir. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər keçirilir.