Dünya Kubokunun finalını idarə edəcək hakimlər müəyyənləşdi

Dünya Kubokunun finalını idarə edəcək hakimlər müəyyənləşdi

Dünya Kuboku-2022-nin final və 3-cü yer uğrunda görüşlərini idarə edəcək hakimlərin adları açıqlanıb.

mediasport.az xəbər verir ki, 22-ci mundialın həlledici qarşılaşmasını polşalı Şimon Marçinyak idarə edəcək.

Argentina ilə Fransa arasında oynanılacaq qızıl medal matçında Marçinyakın yan xətt hakimi kimi köməkçiləri Pavel Sokolnitski və Tomaş Listkeviç olacaqlar. Dördüncü hakim funksiyasını ABŞ-dan İsmail Elfat yerinə yetirəcək.

Dekabrın 18-də Bakı vaxtilə saat 19:00-da başlanacaq görüşdə VAR Tomaş Kvyatkovskiyə həvalə olunacaq.

DÇ-nin dekabrın 17-də Xorvatiya və Mərakeş arasında keçiriləcək üçüncülük dueli qətərli Əbdülrəhman Əl-Cassimə tapşırılıb. Yan xətt hakimi kimi Talıb Əl-Mari və Səud Əl-Maqali iş başında olacaqlar. Dördüncü hakim braziliyalı Rafael Klaus olacaq. Çilili Xulio Baskunyanın nəzarət edəcəyi VAR sisteminin digər hakimi onun həmyerlisi Bruno Piresdir.

Qarşılaşma Bakı vaxtilə saat 19:00-da start götürəcək.