"Əlimdə böyük heyət-böyük büdcə yoxdur ki, hər komandaya qalib gəlim"
“Turan Tovuz” Premyer Liqanın 13-cü turunun açılış oyununda doğma meydanda gözlənilmədən autsayder "Şamaxı"ya 1:3 hesabı ilə məğlub oldu.
mediasport.az xəbər verir ki, qərb təmsilçisinin baş məşqçisi Ayxan Abbasov qolları tez buraxdıqlarını, sadə səhvlərə yol verdiklərini deyib:
– Çətin oyun olacağını bilirdik. Rəqibi təbrik edirəm. Bizdən həm istəkli idilər, həm də onlarda hər şey alındı. Çempionat uzun marafondur. Belə oyunlar olur. Təəssüf ki, çox tez qollar buraxdıq, sadə səhvlər etdik, toparlanmalıyıq. İtkilərimiz var idi. Futbolçular belə matçlarla artırmalıdır. Onların üzərinə böyük məsuliyyət düşür.
Futbolçularda sanki oyunun əvvəlində hesabı dəyişməyə inam var idi. Sonra isə bu inam itdi. Bunun səbəbi nədir?
– Tez qol buraxmağımız tələsik oynamağımıza səbəb oldu. İstədiyimiz epizodlar oldu, təəssüf ki, sonluq çatmadı. İlk hissənin son dəqiqəsində qol buraxmaq pis təsir etdi. Sonra dəyişikliklərə əl atdıq. Həftə ərzində oyuna hazırlaşırsan. Amma futbol elədir ki, istəmədiyin hallar baş verir. Risk etmək lazım idi. Meydana hücumameyilli futbolçuları buraxdıq. Hesab bizə rahat oynamağa imkan vermədi.
Sizə elə gəlmir ki, ard-arda qazanılan qələbələrdən sonra futbolçularda arxayınlıq yaranıb?
– Xeyr, biz hələ heç nə etməmişik, 15 xal toplamışıq. Mən futbolçularımı tanıyıram, arxayınlıq deyil. Bu gün alınmadı.
Vüsal Məsimov ilk dəfə Premyer Liqa matçına çıxdı. Daha təcrübəli futbolçu buraxa bilməzdiz meydana?
– Kimi buraxım? Baxın, görək bizdə cinah müdafiəçisi var? Ehtiram, Ben Aziz zədəlidir. Məcburiyyətdən İmedini cinahda oynadırdıq. Onu da ikinci hissədə hücuma çəkəndən sonra Vüsaldan başqa cinah müdafiəçisi yox idi. Bu gün bizi təcrübə uduzdurmadı. Rəqib istəkli idi. Bu gün bizdə fərdi keyfiyyətlər çatmadı.
Hakimin idarəçiliyindən razı qaldız?
– Normal idi. Elə böyük problem olmadı.
Sıfırdan komanda qurmusuz və 15 xal toplamısız. Amma azarkeşlər məğlubiyyəti həzm edə bilmir. Matçdan sonra kiçik insident də oldu...
– Bura gələndə ilk sözüm o olmuşdu ki, səbrli olmalıyıq. Bu gün azarkeş iki cürdür. Bir var klubun azarkeşi, bir də var tamaşaçı. Ayda bir dəfə stadiona gəlir və öz iddiasını qoyur. Bu da normaldır. Onları da başa düşürəm. Amma 13-cü turdur və mən çətinlikdən danışmamışam, danışmayacam da. Çətinlikləri bilib bura gəlmişik, kömək etmək istəyirik. Səbrsiz olsalar, gələcəkdə mən də öz qərarımı verə bilərəm. Bu gün mənim əlimdə böyük heyət, böyük büdcə yoxdur ki, hər komandaya qalib gəlim. Bunun qarşısı alınmasa, yəqin ki, burada çox qalmayacağam.
Bölgələrdə azarkeşlər gəlmə məşqçini bəyənmir. Bu barədə nə deyə bilərsiz?
– Problem yoxdur. Bu gün kimsə özünü hazır sayırsa, postumu təhvil verə bilərəm.
Natan Oduvanın zədəsi nə dərəcədə ciddidir?
– Hələ müalicədədir. Çalışacağıq ki, “Kəpəz”lə oyuna hazır olsun.