"Çox danışmaq istəmirəm, hələ böyük bir iş görməmişik"

"Çox danışmaq istəmirəm, hələ böyük bir iş görməmişik"

"Düşünürəm ki, başlanğıc yaxşıdır, amma rahatlaşmaq olmaz. Bütün işlərdə olduğu kimi, vacib olan başlanğıc yox, nəticədir. Qarşıdakı 3 dövrə birinci dövrədən də çətin olacaq. Xal yığmaq asan olmayacaq”.

Bu sözləri Mediasport.az saytına açıqlamasında “Səbail”in baş məşqçisi Şahin Diniyev deyib.

Premyer Liqanın ilk dövrəsi haqqında düşüncələrini bölüşən 57 yaşlı mütəxəssis geridə qalan 9 matçı iki hissəyə bölüb:

“Çox danışmaq istəmirəm. Hələ böyük bir iş görməmişik, başlanğıc nöqtəsindəyik. 9 turu iki hissəyə bölərdim: ilk 3 oyun və sonrakı 6 oyun. Bilirsiniz ki, ilk 3 matçı hazırlıq toplanışından qayıtdıqdan sonra oynadıq. Komandanın 90 faizə yaxını heyətə öyrəşmişdi və demək olar ki, heyətin 9 futbolçusu birdən-birə birlikdə oynayırdı. Xüsusilə legioner oyunçular arasında psixoloji adaptasiya dönəmi yaşandı”.

Təcrübəli çalışdırıcı mövsüm başlamazdan öncə yayda keçirtdikləri təlim-məşq toplanışının faydasından danışıb: “Ərzurum şəhərində təlim-məşq toplanışında olarkən "Konyaspor" kimi komandaya qalib gəldik, "Sivasspor"la heç-heçə etdik, "Ərzurumspor"u məğlub etməyi bacardıq. Həm xətlər arasında, həm də individual məsələlərdə futbolçuların bir-birinə adaptasiyasında problemlərin olacağını bilirdim. Azərbaycan Premyer Liqasının ilk oyunlarında da bunu demişdim. 5-6 turdan sonra komandanın öz oyununu sərgiləyəcəyini yəqin edirdim. Bunu niyə inamla deyirdim? Çünki Ərzurumdakı hazırlığı, hazırlıq matçlarını və oyunçuların performansını gördükdən sonra onların nəyə qadir olduğunu bilirdim. Təcrübəm hesabına başa düşürdüm ki, zamana ehtiyacımız var. Bunun nə qədər olacağını bilmirdim. Dediyim kimi, 11 nəfərdən 9-u ilk dəfə birlikdə oynayırdı. Bu, gözlənilən bir şey idi”.

Şahin Diniyev Premyer Liqanın 2023/2024-cü illər mövsümünün ilk 3 oyununda müdafiəçilərinin fərdi səhvlərə yol verdiklərini qeyd edib: “İlk üç oyuna 1 xal qazandıq. Birinci turda "Sumqayıt"a 1:4 hesabı ilə uduzmağımıza baxmayaraq, ağıllı, yaxşı futbol oynadıq. İkinci turun "Neftçi" ilə matçında da (1:1) qələbəyə çox yaxın idik, 86-cı dəqiqədə penalti zərbəsindən qapımızdan qol buraxdıq. Mənə elə gəlir ki, həmin matçda da pis futbol oynamadıq. Həm "Sumqayıt", həm "Neftçi", həm də "Zirə" ilə oyunlarda individual səhvlər çox idi. 3 tura 7 qol buraxdıq. Bu, müdafiəçilərin fərdi səhvlərindən qaynaqlanırdı. "Zirə" ilə matçda hesab 1:1 olarkən müdafiəçinin kobud səhvindən ikinci qolu qapımızda gördük. Lakin bilirdim ki, oyun varsa, nəticə də olacaq. 4-cü turdan etibarən nəticə də gəlməyə başladı. Sonrakı 6 oyunda komanda birnəfəsə 5 qələbə və 1 heç-heçə əldə etdi. Həm xal ehtiyatı, həm də oyun baxımdan komandadan gözlədiyimdən artığını ala bildim”.

O, qarşıdakı 3 dövrənin daha çətin keçəcəyini diqqətə çatdırıb: “Yenə deyirəm, bu, başlanğıcdır, irəlidə hələ 3 dövrə var. Artıq rəqiblər də bizə daha ciddi baxacaqlar. Oyunlarımız çətin keçəcək. Birinci dövrənin sonuncu - 9-cu turu göstərdi ki, rəqiblər bizimlə matçlara başqa cür hazırlaşırlar. Bizi olduqca çətin 3 dövrə gözləyir. Həmişə deyirəm: zirvəyə qalxmaq asandır, amma orada qalmaq çox çətindir. Bunun üzərində hələ çox çalışmalıyıq. Bu, həm futbolçulara, həm də məşqçilərə aiddir".

Rövşən