"Sabah" niyə cərimələndi? - "AFFA nümayəndəsi özü də etiraf etdi ki..."
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Sabah”ın 1600 manat cərimənin ləğvi ilə bağlı müraciətini müsbət cavablandırmayıb (Masazır təmsilçisi meydana yad əşya atıldığı üçün bu cəzaya məruz qalıb).
Amma əslində isə vəziyyət fərqlidir. Hər halda “Sabah” tərəfi belə iddia edir. Qərar haqda MediaSport.az saytına açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bildirib ki, “Sabah” 51.1 maddəsi – yəni, meydançaya kənar əşyalar atıldığı üçün cərimələnib. Həqiqətdə isə belə deyil. Dinləyək:
“Məsələ ondadır ki, həmin oyunda klubumuzun azarkeşləri tərəfindən meydançaya hər hansı əşya atılmamışdı. Sadəcə, matçın AFFA nümayəndəsi meydançadan kənarda, yerdə aşkarladığı içki qabının tribunadan atıldığını zənn edərək bunu protokolda qeyd edib. İş orasındadır ki, nümayəndə özü də tribunadan hər hansı əşyanın atılmasını görməyib. Oyundan sonra da bunu klubumuzun nümayəndəsinə bildirib. Dediyim kimi, sadəcə, yerdə içki qabı görərək bunu protokola yazıb. Əlavə olaraq qeyd edim, İntizam Məcəlləsinə görə,cərimə yalnız kənar əşya meydana və ya qaçış zolağına atıldığı halda tətbiq olunur. Burada yerdə aşkarlanmış içki qabı isə ümumiyyətlə, qaçış zolağında belə, olmayıb”.