"Ermənilər nə vaxt gəliblərsə, Azərbaycan təhlükəsizliyi təmin edib"
Avqustun 14-dən sentyabrın 1-dək Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatının maskotu ictimaiyyətə təqdim olunub.
MediaSport.az xəbər verir ki, 53-cü dünya çempionatının maskotu seçilmiş “Targy” - Olimpiya nişanı, alov, nar, hədəf və atıcı görüntülərinin vəhdətindən yaranmış simvoldur.
Kökündə ingiliscə “target”- “hədəf” sözü dayansa da, özündə birləşdirdiyi simvolların xarakterini daşıyır. Seçilmiş maskot çempionat iştirakçılarını "Hədəfini vur!" şüarı ilə mübarizəyə və qələbəyə ruhlandıracaq.
Atıcılıq idman növündə dünya çempionatı dörd ildən bir keçirilir. Sonuncu dəfə bu yarışa 2018-ci ildə Koreya Respublikası ev sahibliyi edib. Təqdimatda iştirak edən Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov mətbuat konfransında mundialla bağlı məlumat verib.
Baş katib bildirib ki, DÇ-də 104 ölkədən 1260 idmançı iştirak edəcək. Yarış Bakı Atıcılıq Mərkəzində təşkil olunacaq. İdmançılar 55 növdə medallar uğrunda mübarizə aparacaqlar. Onlardan 12-si fərdi növdə olacaq. Fərdi növlərdə ilk dörd yeri tutan atıcılar “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib. O, Ermənistan yığmasının iştirakı ilə bağlı suala belə cavab verib: “Ermənilər nə vaxt gəliblərsə, Azərbaycan tərəfi təhlükəsizliyi təmin edib. Bundan sonra da belə olacaq. Ölkəmizdə bir çox beynəlxalq tədbirlər təşkil edilir. Bunlar hər dəfə yüksək səviyyədə keçirilir”.
Nazir turnirdə bütün ölkələrin təhlükəsizliyinin yüksək səviyyədə təmin olunacağını diqqətə çatdırıb.