Federasiya prezidenti xəbərdarlıq etdi: "Diplomları tanınmayacaq"

Federasiya prezidenti xəbərdarlıq etdi: "Diplomları tanınmayacaq"

"Bütün qurumlar yalnız bizimlə birləşən federasiyaların diplomlarını tanıyacaqlar. Digərlərinin sənədləri isə qanunauyğun sayılmayacaq".

Mediasport.az xəbər verir ki, bunu Azərbaycan Karate Federasiyasının (AKF) prezidenti Ülvi Quliyev üzv federasiyalarla müqavilə imzalanma mərasimində deyib.

Onun sözlərinə görə, Gənclər və İdman Nazirliyi hər idman növündən bir qurumu tanıyır ki, onlardan biri də Azərbaycan Karate Federasiyasıdır: “Karatenin müxtəlif növləri var. Bu gün 6 federasiya ilə müqavilə imzalanma mərasimi keçirildi. Digər federasiyalar və klublar üçün də açığıq. Sadəcə, təlimata uyğun olaraq müraciətlərə baxılıb qərar verilir. Karate ilə məşğul olan klub və federasiyaların bizə qoşulmaq imkanları var. Onların bu istəyini məhdudlaşdıra bilmərik. Amma bəzilərinin başqa maraqları var. Biz idman siyasətində fəal iştirak edirik. Burada iştirak edən federasiya idmançılarının da böyük uğurları var”.

Ü.Quliyev əlavə edib ki, məqsəd Azərbaycanda karateni sevən gəncləri birləşdirməkdir: “Onlara yaxşı vərdişləri aşılamaq istəyirik. Eyni zamanda, daxildə yarışların keçirilməsi və xaricdə ölkəmizi uğurlu təmsil etmək önəmlidir. 44 günlük Vətən Müharibəsində qazi və şəhid olanlar arasında idmançılar da oldu. Ali Baş Komandanımızın çağırışı ilə onlar döyüşlərdə iştirak etdilər. İdman camiəsində olan şəxslərin vəzifəsi də gəncləri bu yöndə vərdişlərə istiqamətləndirməkdir”.

O, AKF-nin nəzdində fəaliyyət göstərən federasiyaların beynəlxalq qurumlarla iş birliyinə maneə törədilməyəcəyini deyib: “Federasiyaların beynəlxalq qurumlarla iş birliyini dəstəkləyirik. Onlara hər cür kömək etməyə hazırıq. Futbolda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasıdır, buna görə də bütün futbol növləri orada birləşib. Nazirlik də karate federasiyalarını AKF-nin tərkibində tanıyır. Azərbaycan Karate Federasiyası gələcəkdə Dünya Karate Federasiyasının üzvü ola bilər. Amma yenə də struktur dəyişməyəcək. Qurumların bir federasiya ətrafında birləşməsini qadağan edən heç bir qanun yoxdur”.

Ü.Quliyev qanunsuz fəaliyyət göstərən federasiyalara hər zaman çağırış etdiklərini söyləyib: “Ayrılıqda fəaliyyət göstərənlər barəsində intizam tədbirləri görülməlidir. Üzv olmayan federasiyaların kəmər sertifikatları və diplomları tanınmayacaq. Bütün qurumlar yalnız bizimlə birləşən federasiyaların diplomlarını tanıyacaqlar. Digərlərinin sənədləri isə qanunauyğun sayılmayacaq”.

O, AKF-nin öz strukturunun mövcud olduğunu bildirib: “Hər hansı məsələni federasiya prezidenti, 4 vitse-prezident, digər federasiyaların rəhbərləri və İdarə Heyətinin üzvləri birlikdə müzakirə edərək qərar verəcəklər”.