"Gəncə" basketbolçuları pley-offda
Azərbaycan Basketbol Liqasında XXVI tura start verilib.
mediasport.az xəbər verir ki, açılış oyununda "Neftçi" və "Gəncə" komandaları qarşılaşıblar. "Sərhədçi" İdman Mərkəzində baş tutan görüş xeyli gərgin və maraqlı alınıb.
Qərb təmsilçisi son saniyədə Cared Smolun atdığı "üçlük" hesabına qələbəni təmin edib - 87:86. Gəncə klubu bu nəticədən sonra xallarını 45-ə çatdıraraq həm liderliyə yüksəlib, həm də pley-offa vəsiqəni təmin edib.
Ən məhsuldar basketbolçular "Neftçi"dən Mohsen Moradxani (23 xal, 8 ribaund), "Gəncə"dən isə Kollin Törner (24 xal, 9 asist) olublar.
Turun "Sabah" - "NTD", "AAAF Xırdalan" - "Sərhədçi" və "Zirvə Astara" - "Olimpik Şəki" matçları aprelin 15-i və 16-da keçiriləcək.