Gəncə komandası Azərbaycan Kubokunun qalibi oldu - ABL

Gəncə komandası Azərbaycan Kubokunun qalibi oldu - ABL

Basketbol üzrə Azərbaycan Kubokunun qalibi məlum olub.

mediasport.az xəbər verir ki, həlledici oyunda "Gəncə" və NTD klubları qarşılaşıblar.

Sərhədçi İdman Mərkəzində keçirilən görüşün əsas vaxtı 85:85 hesabı ilə başa çatıb. Əlavə vaxtda rəqibindən üstün olan Gəncə təmsilçisi 100:89 hesablı qələbəyə sevinib.

Finalın ən dəyərli basketbolçusu "Gəncə"nin oyun qurucusu Kollin Törner seçilib. O, həm də komandasının ən məhsuldar oyunçusu (38 xal, 13 ribaund) olub. NTD-nin heyətində isə 20 xal, 8 ribaundla Zak Hadson rəqiblərini qabaqlayıb.

Mükafatlandırma mərasiminə gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Basketbol Federasiyasının rəyasət heyətinin üzvləri Bəxtiyar Aslanbəyli, Simuzər Feyzullayeva, Elnur Əliyev və Vilayət Vəliyev də qatılıblar.

M.Vasileva kuboku "Gəncə" komandasının kapitanı Amil Həmzəyevə təqdim edib.