Milli komandamız Kapoşvardakı Avropa çempionatında rekord vurdu
Azərbaycanın sərbəst və yunan-Roma güləşçiləri Macarıstanın Kapoşvar şəhərində keçirilən U-15 Avropa çempionatında yeni rekorda imza atıb.
MediaSport.az xəbər verir ki, qitə birinciliyində 9 (3 gümüş, 6 bürünc) medal qazanan milli komanda hesabında yalnız Gürcüstandan (155) geri qalıb. Avropa ikincisi olan yığmamız 145 xal toplayıb. Bu, U-15 Avropa çempionatları tarixində sərbəst güləş üzrə yığmamızın yeni rekordudur.
Qeyd edək ki, məşqçilər Namiq Quliyev, Elşad Allahverdiyev və Xəqan Süleymanovun rəhbərliyi altında Hüseyn İsmayılov (52 kq), İsa Yusibov (57 kq), Amin Nəsibov (85 kq) gümüş, Rəşid Nazarov (41 kq), Ruslan Əlizadə (44 kq), Həsən Həsənov (48 kq), Fərid Ağasızadə (52 kq), Nihad Abasov (62 kq) və Rəşad Veysəlov (68 kq) isə bürünc medal qazanıblar.
Qitə birinciliyinin son günündə yunan-Roma güləşi üzrə də medalçılar müəyyənləşib. Komandamız 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb. Yekunda 139 xal toplayan yunan-Roma millimiz də Avropa ikincisi olub. Komandamız burada da yalnız Gürcüstandan geri qalıb.
Bu növdə məşqçilər Əbilfət Məmmədovla İlham Vezirovun rəhbərliyi altında Nicat Yeylaqaliyevlə (62 kq) Yusif Əhmədli (68 kq) qızıl, Əli Nəzərovla (48 kq) Marat Ağakərimov (52 kq) gümüş, Elşad Abbasov (48 kq), Nihad Məhərrəmov (52 kq) və Rüfət Əlizadə (85 kq) isə bürünc medal əldə edib.