"Hakim səhvləri də olub, öz səhvlərimiz də var" - MÜSAHİBƏ

"Hakim səhvləri də olub, öz səhvlərimiz də var" - MÜSAHİBƏ

"Zirə"nin futbolçusu Məqsəd İsayev Mediasport.az saytına müsahibə verib.

Azərbaycan Kubokunun 1/4 finalının cavab oyununu evdə keçirəcəksiz. Matçla bağlı fikirlərin necədir?

- Çətin oyun olacaq. Çalışacağıq ki, mərhələni adlayan komanda biz olaq.

"Səbail" üzərində səfərdə qazandığınız 2:1 hesablı qələbə arxayınlıq yarada bilər?

- Xeyr. Şansların bərabər olduğunu deyərdim. Hesabı qorumağın əvəzinə, qol vurmalıyıq.

"Zirə" Premyer Liqanın son 8 oyununda qələbə qazana bilməyib. Bunun səbəbi nədədir?

- Oyunlara da baxsanız, görərsiniz ki, imkanlarımız olur, amma dəyərləndirə bilmirik. Bunun üzərində çalışırıq. Qələbələrin gələcəyinə inanıram. Səbirli olub, çatışmayan məqamların üstündə işləmək lazımdır.

Komandanız liderlər qrupundan uzaqlaşıb (31 xal, 4-cü pillə)...

- Uzaqlaşdığımızı deməzdim. Mövqeyimizi qorumaqdansa, daha da arxadan gəlmək yaxşıdır. İnanıram ki, çempionatı ilk "3-lük"də bitirəcəyik.

"Zirə"nin bu mövsüm üçün potensialı hansı nəticəyə imkan verir?

- Dediyim kimi, hədəfimiz Elitada ilk "3-lük"də qərarlaşmaq və Azərbaycan Kubokunda finala yüksəlməkdir.

Ardıcıl xal itkilərində yalnız hakim səhvlərini əsas gətirmək olar, yoxsa futbolçuların baş məşqçinin tapşırıqlarını maksimum yerinə yetirə bilməməsinin də payı var?

- Məncə, şanssızlıqdır. Bəli, hakim səhvləri də olub, öz səhvlərimiz də var. Amma şükür, hələ hər şey qaydasındadır. Vəziyyəti daha da əla etmək üçün bizə bir qələbə lazımdır.

Rövşən