Hakimlər üçün yekun seminar
Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə yeni mövsüm öncəsi hakimlər üçün yekun seminar baş tutub.
Federasiyadan Mediasport.az saytına verilən məlumata görə, təlim Zuğulbada yerləşən tədris idman bazasında keçirilib.
ABF-nin idman direktoru Turqay Zeytingöz yeni mövsümlə bağlı təlimatlarını verib. Seminara Hakimlər Komitəsinin sədri Ələkbər Həsənov başçılıq edib.
18 yerli hakimin iştirak etdiyi seminarda hakimlərin yeni mövsüm öncəsi hazırlıqları həm nəzəri, həm də praktiki testlərlə sınaqdan keçirilib.
FİBA-nın təsdiq etdiyi toplanışda beynəlxalq basketbol qurumunun mütəxəssisləri tərəfindən video görüntü ilə yeni qaydaların oyunlarda tətbiq olunması yerli hakimlərə izah edilib.
Seminarın əsas məqsədi, yeni mövsüm öncəsi tətbiq olunan yeni qaydaların nəzəri və praktiki cəhətdən tam dəqiqliklə hakimlərə izah olunması və Azərbaycan Basketbol Liqası (ABL) və digər yerli yarışlarda hakimlik etmələri üçün onların bilik və bacarıqlarının artırılmasıdır