Azərbaycanda çempionluq yaşayan litvalı: "18 ildən sonra qayıdıram"

 Azərbaycanda çempionluq yaşayan litvalı: "18 ildən sonra qayıdıram"

"Sabah" basketbol komandasının yeni baş məşqçisi Rimas Kurtinaytis Litvanın "15min.lt" saytına açıqlama verib.

Mediasport.az xəbər verir ki, o, Azərbaycan Basketbol Liqasının rəqabətli olduğunu deyib:

"Sabah" futbol klubunun himayəsi altında yaradılan eyniadlı basketbol komandası Azərbaycan çempionu olub. Litvanın heç də bütün klubları əcnəbi basketbolçulara "Sabah" qədər maaş verməyə hazır deyil. Azərbaycan basketbolunda vəziyyət xeyli dəyişib".

Daha əvvəl (2002-2006-cı illər) ölkəmizdə çalışan 63 yaşlı mütəxəssis keçmiş iş yeri "Qala"nı xatırlayıb:

"18 ildən sonra qayıdıram. Azərbaycanda olmuşam, orada işlərin necə getdiyini, hamımızın sıfırdan necə başladığımızı bilirəm. Liqa qurduq, milli komanda yığdıq, yığma ilə İslamiadanı qazandıq. Yeri gəlmişkən, yarımfinalda bir neçə il sonra Yay Olimpiya Oyunlarında çıxış edən İrana qalib gəldik. Düzü, "Qala" klubunun hələ də mövcud olub-olmadığını bilmirəm".

Xatırladaq ki, Rimas Kurtinaytis "Sabah"la 1,5 illik müqavilə bağlayıb.