"Həmişə ağır qrupa düşürük, milli ruh, bayraq üçün vuruşacağıq"

"Həmişə ağır qrupa düşürük, milli ruh, bayraq üçün vuruşacağıq"

"Sabah"ın kapitanı Elvin Camalov mediasport.az saytına müsahibə verib.


10 turdan sonra 2-ci pillədəsiz. Son matçda “Zirə”yə qalib gəldiz...

- Həftə-həftə, oyun-oyun hazırlaşırıq. Getdikcə səhvləri aradan qaldırmağa çalışırıq. “Zirə” ilə matç bizim üçün yaxşı keçdi. Qələbə qazandığımıza görə sevincliyik. Daha da artırmağa, oyunumuzu inkişaf etdirməyə çalışacağıq. Artıq bu matçı unutmalıyıq. Qarşıda “Neftçi” ilə görüş var. Artıq həmin oyun barədə düşünürük.

“Zirə”yə cəmi 1 qol vursaz da, çoxlu imkanlarınız var idi. Bunlardan istifadə etmək üçün nə çatmadı? 

- Bəli, şanslarımız çox oldu, ancaq dəyərləndirə bilmədik. Sevindirici hal odur ki, lazım olan qolu vurduq. Bunun üzərində işləməliyik. Əlimizə düşən imkanlardan daha yaxşı istifadə etməyə çalışmalıyıq.

Əksəriyyət “Sabah”ı çempionluq mübarizəsində “Qarabağ”a əsas rəqib görür...

- İndidən nəsə demək olmaz. Cəmi 10 tur geridə qalıb. Qarşıda çox oyun var. Qeyd etdiyim kimi, oyundan-oyuna hazırlaşırıq. Qarşıda “Neftçi” ilə çətin matçımız olacaq. Çempionluq, ikincilik barədə indidən nəsə demək yanlış olar. Fikrimiz odur ki, kollektiv şəklində mübarizə aparaq. İnşallah, mövsümün sonunda da xeyirlisi olar.

Çempionluq barədə, ümumiyyətlə, fikirləşmirsiz?

- Xeyr. Addım-addım irəli getməyi düşünürük.

İlk dövrədə “Qarabağ”a qarşı ən yaxşı oyunu “Sabah” göstərdi. Sanki bu komandanı məğlub etməyin mümkün olmadığı barədə fikir yaranıb. Bunu dəyişə bilərsiz?

- Məncə, asan rəqib yoxdur. “Qarabağ” sayılıb-seçilən komandalarımızdandır. Avropada ölkəmizi təmsil edir. Onlara qarşı oynamaq çətindir. Amma, ümumiyyətlə, çempionatda asan rəqib olmur. Biz “Şamaxı” ilə də çətinlik çəkdik. Deyərdim ki, çempionatda bütün matçılar ağırdır.

“Şamaxı” ilə oyunu qeyd etdin. “Səbail”lə matçda qol vura bilməmişdiz. Qapanan komandalara qarşı çətinlik çəkdiyiniz görünür.

- Hər oyundan sonra məşqçimiz analiz edir, səhvlərimizi göstərir. Çalışırıq ki, bunları aradan qaldıraq. Daha çox hücumda olmaq istəyirik.

Milli komandanın üzvüsən. Yığma AÇ-2024-ün seçmə mərhələsində Belçika, Avstriya, İsveç və Estoniya ilə mübarizə aparacaq. Qrup barədə nə fikirləşirsən?

- Azərbaycan millisi üçün asan qrup olmur. Həmişə ağır qrupa düşürük. Milli ruh, bayraq, komanda üçün vuruşacağıq. Dəvət alsam, sevə-sevə gedəcəm. Hamımız qrupun çətinliyinin fərqindəyik. Rəqibdən asılı olmayaraq, mübarizə aparacağıq. Biz həmişə vuruşmaq futbolu oynamışıq. Yenə bunu etməyə çalışacağıq. Azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik.

Elvin