Heydər Əliyevin 100 illiyinə həsr olunmuş turnir start götürdü
Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə mini-futbol turnirinə start verilib.
mediasport.az xəbər verir ki, Dövlət Himninin səsləndirilməsinin ardından Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən ARDNŞ-in vitse-prezidenti Xalik Məmmədov komandalara uğurlar arzulayıb. O, müstəqilliyin bərpasından sonra Ulu öndər Lider Heydər Əliyev tərəfindən əsası qoyulan idman siyasətindən bəhs edərək, Prezident İlham Əliyev tərəfindən bu sahəyə göstərilən xüsusi diqqət və qayğını qeyd edib. Qurum rəsmisi ölkədə idmanın dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini vurğulayıb.
Ümumilikdə 16 komandanın iştirak edəcəyi turnirdə ARDNŞ yığması ilə yanaşı, neft-qaz sənayesində fəaliyyət göstərən digər şirkətlərin kollektivləri mübarizə aparacaqlar.