Hüseynov yarımfinalda, Zəhra Kərimzadə üçüncülük uğrunda güləşəcək - Dünya çempionatı
İordaniyanın paytaxtı Əmmanda güləş üzrə U-17 dünya çempionatı davam edir.
Mediasport.az xəbər verir ki, 48 kq-da Hacıhüseyn Əhmədzada təsnifat mərhələsində rusiyalı Çingiz Sarıqlara (AİN) 2:11 hesabıyla məğlub oldu.
55 kq-da Hüseyn Hüseynov türkmənistanlı Azatberdi Aşırquliyevə 3:1 hesabıyla üstələyərək 1/4 finala yüksəlib. Həmyerlimiz daha sonra tunisli Mokbel Sahliyə tam üstünlüklə (11:1) qalib gələrək yarımfinala vəsiqə qazanıb. Hüseyn yarımfinalda Puerto-Riko təmsilçisi Josef Baxmanla qarşılaşacaq.
65 kq-da İsa Yusibov 1/8 finalda qazaxıstanlı Bakdaulet Akimjana 0:6, 80 kq-da Məhəmməd Abbaszadə 1/8 finalda gürcüstanlı Nikolas Masuradzeyə 1:7, 110 kq-da Muxamad Qantemirov 1/8 finalda amerikalı Maykl Mokkoya 6:16 hesabıyla məğlub olub.
Qızların mübarizəsində 69 kq-da Zəhra Kərimzadə təsəlliverici görüşdə qazaxıstanlı Qızjibek Jarkinbayevə 3:1 hesabıyla qalib gəldi və bürünc medal uğrunda görüşə vəsiqə qazandı.