İki güləşçimiz finalda, ikisi isə bürünc medal uğrunda yarışacaq
Astanada Qazaxıstanın Olimpiya və Dünya çempionu Jaksılık Uşkempirovun xatirəsinə güləş üzrə gənclər arasında (U-20) beynəlxalq turnirə start verilib.
Federasiyadan mediasport.az saytına verilən məlumata görə, ilk yarış günündə 55, 63, 72, 82 və 97 kq-da finalçılar müəyyənləşib.
Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında memorialda iştirak edən millimizin üzvlərindən Ruslan Nurullayev (72 kq) və İsmayıl Rzayev (82 kq) finala yüksəlib. Fərid Sadıxlı (55 kq) və Məhəmməd Qasımzadə (63 kq) isə bürünc medal uğrunda güləşəcək.
Bu çəkilərdə həlledici görüşlər sabah keçiriləcək. Həmçinin sabah 60, 67, 77, 87 və 130 kq-da mübarizəyə start veriləcək.
Ənənəvi yarışda beynəlxalq dərəcəli hakim Əli Babayev ədaləti qoruyur.