"İkinci də ola bilərik, ən pis halda 3-cü də" - "Səbail"in legioneri

"İkinci də ola bilərik, ən pis halda 3-cü də" - "Səbail"in legioneri

"Səbail"in yarımmüdafiəçisi Nir Bardea "Turan Tovuz"la oyundan sonra Mediasport.az saytına müsahibə verib.


Qarşılaşma barədə nə deyə bilərsiz?

- Məncə, hesabda öndə olduğumuz zaman onu qoruya bilsəydik, daha yaxşı olardı. 2-ci qol vurmaq üçün şansımız oldu. Təəssüf ki, bundan yararlana bilmədik. Həmin epizoddan bir neçə dəqiqə keçdikdən sonra rəqib hesabı bərabərləşdirdi. Buna görə məyusam. Qələbə qazanmaq bizim üçün daha yaxşı olardı. Lakin 1 xal da pis deyil. Növbəti oyuna hazırlaşmalıyıq. Bizi daha çətin oyun gözləyir. Həmin matçda qalib gəlmək istəyirik.

Bu oyunla artıq 4 turdur ki, qələbə qazana bilmirsiz. Komanda növbəti dəfə eniş yaşayır?

- Bu, futboldur. Bəzən 1, 2, 3 dəqiqə ərzində hər şey həll olur. Bəzi epizodlar oyunun nəticəsini dəyişə bilir. Qeyd etdiyiniz 4 oyunun hamısında qələbə qazanmağa çalışmışıq, qalib gəlmək istəmişik. Təəssüflər olsun ki, bu, alınmayıb. Düşünürəm ki, bu gün keçirilən oyunda da qalib gələ bilərdik. Amma yenə 1 epizod hər şeyi dəyişdi. Qarşıda bizi "Qarabağ"la daha çətin oyun gözləyir. Artıq işimizə davam etməliyik. Çünki bizim də müəyyən məqsədimiz var. Bu, çempionatı daha yaxşı pillədə başa vurmaqdır. Ona görə də əlimizdən gələni edib "Qarabağ" üzərində təzyiq yaratmağa çalışacağıq ki, yaxşı nəticə qazana bilək.

"Qarabağ" artıq ölkə çempionluğunu rəsmiləşdirib. Bu məqam "Səbail"in xal və ya xallar qazanmasına təkan verə bilər?

- Öncə "Qarabağ"ı çempionluq münasibətilə təbrik edirəm. Amma bunun belə olacağını düşünmürəm. "Qarabağ"ın necə rəqib olduğu hamıya bəllidir. Onlar Avropada güclü klublara qarşı yüksək səviyyədə mübarizə aparırlar. Həm "Qarabağ", həm biz, həm də bu gün qarşılaşdığımız rəqib "Turan Tovuz" hər oyuna qələbə üçün çıxır. Oyundan-oyuna bunun dəyişdiyini fikirləşmirəm. Bizim ən əsas məqsədimiz növbəti oyunda qarşımızdakı rəqibin nə qədər güclü olmasın baxmayaraq, qələbə qazanmaqdır. Artıq "Turan Tovuz"la oyunu unutmalıyıq. Yorğunluğu üstümüzdən atmalıyıq. Bütün komandalara hörmətlə yanaşıram. Oyun başlayanda sırf qələbəyə köklənirik. Bunun birinci və ya sonuncu matç olmağının fərqi yoxdur.

"Səbail"in avrokuboklara getmək şansını real olaraq neçə faiz dəyərləndirirsiz?

- Niyə də olmasın?! Bilirik ki, Azərbaycan çempionatında 1, 2 və 3-cü pillələrdə qərarlaşan komandalar avrokuboklarda mübarizə aparırlar. Biz 5 gün ərzində burada növbəti oyuna hazırlaşırıq. Ona görə də fikirləşirəm ki, ikinci də ola bilərik, hətta ən pis halda 3-cü də. Bunun üçün çalışırıq, mübarizə aparırıq. Hər günümü demək olar ki, burada keçirirəm, məşqlər edirəm. Tək mən yox, bütün komanda. Məqsədimiz daha yaxşı yerlərdə qərarlaşmaq və Avropada oynamaqdır. Mənim də futbolçu kimi ən böyük istəyim komandamla uğur qazanmaqdır. Lakin liqanın çempionu artıq bəllidir. Hazırda ən aşağı pillədə olan komanda da fikrini 2-ci pilləyə yönəldib. Çünki həmin pillə ilə digər yerlər arasında ciddi xal fərqi yoxdur. Məncə, mövsümün sonuna kimi 2-ci və 3-cü pillələr uğrunda mübarizə davam edəcək. Son oyuna qədər çalışacağıq ki, avrokuboklarda çıxış etmək hüququ qazanaq. Bu, bizim istəyimizdir. Nəticəni sonda görəcəyik.

Rövşən ƏLİSOY