Krunoslav Renduliç: "Bu gün öz səviyyəmizdən aşağı çıxış etdik"

 Krunoslav Renduliç: "Bu gün öz səviyyəmizdən aşağı çıxış etdik"

"Sabah" Azərbaycan Premyer Liqasının 6-cı turunda "Turan Tovuz"la üz-üzə gəlib (2:2).

Mediasport.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Krunoslav Renduliç oyundan sonra keçirilən mətbuat konfransında iştirak edib:

"Turan Tovuz" həqiqətən də çox yaxşı komandadır. Bu gün öz səviyyəmizdən aşağı çıxış etdik. İlk yarıda daha səbrli və aqressiv oynamalıydıq. Azarkeşlər bu gün yaxşı oyun izlədilər. Hər iki komanda qalib gəlmək istəyirdi. 3 xal qazanmaq istəyirdik. Amma oyundan sonra 1 xala da məmnun olmalıyıq".

Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

Hesabda önə keçəndən sonra komandanız müdafiəyə çəkildi. Bunun səbəbi nə idi?

- Sizinlə razıyam. Amma mən belə tapşırıq verməmişdim. Daha çox topa sahib olmaqlarını istəyirdim. Bəzi məqamlarda daha yaxşı oynamalıydıq.

Qəbul edirsiz ki, müdafiə xəttində problem var?

- Haqlısınız. Amma qola qədər ardıcıl 5 səhvimiz var idi. Təkcə müdafiəçini günahlandıra bilmərik. Yaxşı reaksiya vermədik.