İlk dəfə Azərbaycan Kuboku üzrə yarış keçirildi

İlk dəfə Azərbaycan Kuboku üzrə yarış keçirildi

Azərbaycan Triatlon Federasiyasının (ATF) təşkilatçılığı ilə ilk dəfə ölkə kuboku keçirilib.

MediaSport.az xəbər verir ki, Pirallahı adasındakı Nərəkənd kompleksində baş tutan turnirin proqramına triatlon və duatlon, həmçinin, uşaqlar üçün qaçış üzrə yarışlar daxil edilib.

Ölkə kubokunda 130-dan çox idmançı iştirak edib. Kişilər arasında olimpiya məsafəsində keçirilən triatlon yarışında Azərbaycan yığmasının lideri Rostislav Pevtsov qalib gəlib. Toğrul Məmmədli gümüş, Kam Bular bürünc medal qazanıb.

Qadınlardan Rəbiyə Orucova 1-ci yeri tutub. Alis Atkins gümüş, Marina Belan isə bürünc medala yiyələnib.

Estafet yarışında birinci yerin sahibləri Denis Karçaşkin, Cəmşid Kassimov və Vüqar Abdullah olub. Məmmədov Cəfər, Giyom Kler Mari və Tapdıq Dadaşov 2-ci, Elçin Bəkirov, Yusif Nəcəfov və Samir Məcidov isə 3-cü yerlə kifayətləniblər.

Duatlon yarışında oğlanlar arasında Səid Zairov qələbə qazanıb. Teymur Cəfərov gümüş, Əli Rzazadə isə bürünc medala sahib çıxıb.

Qızların mübarizəsində isə Medisa Tasbihi 1-ci, Elisa Skalabri 2-ci, Milana Xəlilova 3-cü olub.

Yaş kateqoriyaları üzrə qaliblər Gənclər və İdman Nazirliyi tərəfindən diplomlarla təltif olunublar.