Alməmmədov Dünya birinciliyində iki rekord qırıb üç medal qazandı!
Albaniyanın Dürres şəhərində keçirilən yeniyetmələr arasında ağır atletika üzrə Dünya birinciliyi davam edir.
mediasport.az xəbər verir ki, 60-dan çox ölkədən 322 (166 kişi + 156 qadın) atletin qatıldığı yarışda Azərbaycan atletləri də qüvvələrini sınayırlar.
Bu gün körpücük üzərinə onlardan sonuncusu - Qazaxın “Göyəzən” Ağır Atletika Klubunun 73 kq-da təmsilçisi Ravin Alməmmədov çıxıb.
Atletimiz birdən qaldırma hərəkətində 136 kq-ı ram edib və bu hərəkətdən Dünya birinciliyinin gümüş medalına sahib çıxıb.
Ravin təkanla qaldırma hərəkətində isə 167 kq-ı ram edib. O, bu hərəkətdə də gümüş medal qazanıb.
Alməmmədov bu çəkidə təkanla qaldırma hərəkətində türkiyəli Karaca Yaşara aid 163 kq-lıq Avropa rekordunu yeniləyib. Bununla yanaşı, 167 kq-ı ram etməklə atletimiz bu hərəkətin toplamında rumıniyalı Yonut Donoseyə aid 300 kq-lıq rekordu da geridə qoyub.
Toplam 303 kq (136+167) nəticə göstərən idmançımız yekun sıralmada dünya birinciliyinin gümüş medalçısı adını qazanıb.