4 qızıl medal qazanan dünya çempionlarımız Vətənə qayıdıblar
Yaponiyanın Kobe şəhərində təşkil edilən dünya çempionatında tarixi uğura imza atmış paraatletika üzrə Azərbaycan milli komandası Vətənə dönüb.
Mediasport.az xəbər verir ki, yığma üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Paralimpiya Komitəsinin nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.
Xatırladaq ki, Lamiyə Vəliyeva (T13) 100 metr və 400 metr məsafəyə qaçışda, Orxan Aslanov (T13) və Səid Nəcəfzadə (T12) isə uzunluğa tullanma üzrə yarışda qızıl medal qazanıblar.
Mundialı ümumilikdə 4 qızıl mükafatla başa vuran yığmamız DÇ-lərdə medal əyarına görə ilk dəfə belə uğurlu nəticə göstərib.
Komandamızın daha əvvəl ən yaxşı göstəricisi 2011-ci ildə Yeni Zelandiyada keçirilmiş dünya çempionatında (3 qızıl, 1 gümüş və 2 bürünc medal) olmuşdu.