"Bir az çətin olsa da, Azərbaycan dilində bəzi sözləri öyrənmişəm" - İngiltərə millisinin sabiq üzvü
"Liqa və ya klub haqqında çox şey bilmirdim, amma daha çox məlumata sahib olmaq üçün düşərgədəki hər kəsə çoxlu suallar verirəm".
MediaSport.az xəbər verir ki, bunu "Sumqayıt" yeni transferi İsa Suliman Ərzurum toplanışı ilə bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.
25 yaşlı pakistanlı mərkəz müdafiəçisi özünü komandada xoşbəxt hiss etdiyini deyib: "Komandada hər kəs çox qonaqpərvərdir. Toplanış boyunca məşq və matçlar zamanı biz bir-birimizin oyun tərzini daha yaxşı anlamağa çalışdıq. Bir sıra istedadlı oyunçularımız var. Ona görə də mövsümün başlamasını səbirsizliklə gözləyirəm. “Sumqayıt”da çıxış etmiş futbolçulardan birini tanıyıram. O, mənə klub haqqında ancaq müsbət fikirlər söyləyib".
Suliman komandaya tez uyğunlaşdığını bildirib: "Təbii ki, yaxşı çıxış etsək, daha yaxşı imkanlarımız da olacaq. Hazırda yeganə diqqətim "Sumqayıt" üçün hər şeyi vermək və klubun nail olmağa çalışdığı məqsədlərə çatmaqda kömək etməkdir.
Oyunçularla ünsiyyət qurmaq çox asandır. Bir çox oyunçumuz ingilis dilində danışır. Amma meydanda mənim əsas güclü cəhətlərimdən biri danışmaq və təşkilatlanmadır. Bu da mənim mövqeyimdə çox vacibdir. Artıq Azərbaycan dilində bəzi sözləri öyrənmişəm. Bir az çətin bir dil olsa da, mənim prioritetlərimdən biri meydanda istifadə etməli olduğum açar söz və ifadələri öyrənməyə çalışmaqdır.
Azarkeşlərimizə demək istəyirəm ki, mövsümün ilk oyununda mən sizi stadionda görməyi səbirsizliklə gözləyəcəyəm və biz əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, İngiltərə doğumlu futbolçu bu ölkənin U-16 komandasından U-21-ə qədər bütün yığmalarında forma geyinib.