Jalə qalib gəldiyi görüşü yarımçıq dayandırdı, Osmandan bürünc medal
Azərbaycan millisinin sərbəst güləşçisi Osman Nurmaqomedov ABŞ-ın Ayova ştatının Koralvill şəhərində keçirilən Dünya Kubokunun bürünc medalını qazanıb.
mediasport.az xəbər verir ki, dünya yığmasının heyətində yer alan 24 yaşlı idmançı B qrupunda yaponiyalı Satoşi Miuraya tam üstünlüklə qalib gəlsə də (10:0), iranlı Əmirhüseyn Bığlar Firuzpurbandpeyiyə (10:10) sonuncu xal prinsipinə əsasən məğlub olub.
Yaponiyaya (9:1) qalib gələn dünya yığması ardından İrana (4:6) məğlub olub və B qrupunda 2-ci yeri tutub. Bürünc medal uğrunda rəqib Gürcüstan olub. 8:2 hesablı qələbədə Nurmaqomedovun da payı olub. O, Miriani Maysuradzeni 3:0 hesabıyla üstələyib. Bununla yığma üzvü Dünya Kubokunda bürünc medal qazanıb.
Qadınların yarışında isə Jalə Əliyeva (57 kq) bəxtsizliklə üzləşib. Dünya yığmasının heyətində yer alan həmyerlimiz çinli Yonqxin Fenqlə görüşdə hesabda 6:3 öndə olarkən sağ ayağından ciddi zədə aldığı üçün yarışdan erkən çəkilmək məcburiyyətində qalıb.
Sərbəst güləşdə ABŞ, qadın güləşində isə Ukrayna Dünya Kubokuna sahib olub.