"Kadi Borgesin Azərbaycana qayıtmağının vaxtı çatıb"
Rusiya mətbuatı bu mövsüm Premyer Liqanın ən zəif 8 yarımmüdafiəçisi haqda yazı hazırlayıb.
Mediasport.az xəbər verir ki, "Krasnodar"ın braziliyalı futbolçusu, "Qarabağ"ın sabiq üzvü Kadi Borgesin adı da həmin siyahıda yer alıb.
Rusiyalı həmkarlarımız vingerin Azərbaycana qayıtmasının vaxtının çatdığına işarə vurublar:
"Azərbaycanın fatehi özünü ən yaxşı tərəfdən göstərə bilmədi və məyusluq yaşatdı. Kadi texnikası, yaxşı zərbəsi və cərimə zərbələri olan futbolçudur. Amma o, birmənalı olaraq ötən mövsüm göstərdiyi səviyyədə deyildi. Borges rəqabəti Batçiyə və Olusequna uduzdu. İki dəfə əsas heyətdə başladığı matçların heç birində 90-cı dəqiqəyə qədər meydanda olmadı. Bəlkə də onun Azərbaycana qayıtmağının vaxtı çatıb".
Xatırladaq ki, 2021-ci ilin iyunundan 2023-cü ilin yanvarına qədər "köhlən atlılar"ın formasını geyinmiş Kadi Azərbaycan klubunun heyətində 41 oyuna 16 qol vurub.
28 yaşlı futbolçunun Rusiya təmsilçisi ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.