"Kəpəz" daha yuxarı pillələr uğrunda mübarizə aparacaq"
"Komandanın gərgin mübarizənin fonunda Premyer Liqada qalmağı təmin etməsi təbii ki, bizim hamımızı sevindirdi. İndi turnir cədvəlində daha yuxarı pilləni tutmaq üçün yaxşı imkan da var".
Mediasport.az xəbər verir ki, bunu "Kəpəz"in İdarə Heyətinin üzvü Müşfiq Cəfərov deyib.
Gəncə klubunun mətbuat xidmətinə açıqlama verən Millət vəkili komandanın Premyer Liqada yerini qorumasına münasibət bildirib:
"Hər kəs üzərinə düşən işi gördü və nəticəsi də oldu. Təbii ki, əsas əziyyəti komanda üzvləri çəkdilər. Baş məşqçi Adil Şükürov və komandasına gördükləri keyfiyyətli işə görə minnətdarıq. Onları tək qoymayan azarkeşləri də unutmaq olmaz. Məğlub olanda da dəstək verməklə ruh yüksəkliyi yaratdılar. Bu yerdə klub rəhbərliyinə də "sağ ol" düşür. Komandaya lazım olan bütün dəstəyi verdilər. "Kəpəz"in elitada qalması üçün dayanmadan çalışdılar".
O, kluba sponsor tapılacağına ümid etdiyini vurğulayıb:
"Bilirsiz ki, sponsor olmadan mübarizə aparmaq çətindir. İnanıram ki, klubun elitada qalması, öz mövqeyini qoruyub saxlaması və növbəti mövsümdə iştirakı "Kəpəz" üçün yeni imkanlar yaradacaq. Xüsusilə də sponsor baxımından. Ümid edirəm ki, bu məsələ öz müsbət həllini tapacaq və komanda növbəti çempionatda daha yuxarı pillələr uğrunda mübarizə aparacaq. Qazandığı qələbələrlə gəncəli futbolsevərləri daha çox sevindirəcək".
M.Cəfərov stadion probleminin həllinin sponsor tapılmasına kömək olacağı qənaətindədir:
"Gəncədə futbolun inkişafı üçün müvafiq işlər görülür. Məşq meydançaları salınıb, yeni baza istifadəyə verilib. Prezident İlham Əliyevin təməlini qoyduğu stadion artıq tikilməkdədir. Bunlar hamısı "Kəpəz"in gələcəyi üçün qoyulan yatırımdır. Arenanın yenilənməsi klubun ən böyük problemi olan sponsor məsələsinin həllinə kömək etməlidir".
Qeyd edək ki, "Kəpəz" Premyer Liqanın XXXII turunda səfərdə "Qəbələ"ni 1:0 hesabı ilə məğlub etdikdən sonra elitada yerini qoruyub.