"Millidə oynayanların heç biri "Qəbələ"nin futbolçularından 1-2 baş üstün deyil"
"Qəbələ"nin kapitanı Asif Məmmədov "Neftçi" ilə qarşılaşmadan sonra mediasport.az saytına müsahibə verib.
36 yaşlı təcrübəli yarımmüdafiəçi əvvəlcə 0:2 hesabı ilə məğlub olduqları matç haqqında fikirlərini bölüşüb:
"Hücumda olan vaxtı qapımızda qol gördük. Ancaq ruhdan düşmədik. İkinci yarıya pis başlamadıq. Qol imkanlarımız da oldu. Sadəcə, həmin epizodlardan istifadə edə bilmədik. Təəssüf ki, sonda da məğlub olduq".
"Qəbələ" bu mövsüm hansı yer üçün mübarizə aparır?
- Ötən mövsüm olduğu kimi, bu sezon da avrokuboklara vəsiqə qazanmaq istəyirik. Sona qədər mübarizəmizi aparacağıq.
"Neftçi"yə qarşı pis oynamadız. Səncə, nəticə ədalətli idi?
- Məncə, ikinci qolu buraxmasaydıq, hesabı bərabərləşdirəcəkdik. Amma bunu edə bilmədik. Fikrimcə, oyunun ədalətli nəticəsi heç-heçə idi.
"Qəbələ"nin qeyri-stabil nəticələrini nə ilə əlaqələndirirsən?
- Əslində, oyunumuz öz yerindədir. Bütün matçlarda da yaxşı oynayırıq. Qol imkanlarından çox az istifadə edirik. Keçən il qol epizodumuz az olurdu, amma maksimum istifadə edirdik. Bu ilə isə 5 epizodumuz olur, reallaşdıra bilmirik.
Qışda bunu yeni gələcək futbolçularla yoluna qoyacaqsız?
- Xeyr, elə bu oyunçularla düzəldəcəyik. Ötən mövsüm komandada olanlar indi də buradadır. Həmin futbolçularla vəziyyəti düzəltmək istəyirik. Bunun üzərində işləyirik. İnanıram ki, qışa kimi həll edərik.
Səlahət Ağayevi çıxmaq şərtilə, "Qəbələ"dən milliyə oyunçular dəvət edilmir. Səncə, komandada yığmaya layiq futbolçu yoxdur?
- Var, niyə yoxdur ki...Millidə oynayanların heç biri "Qəbələ"nin futbolçularından 1-2 baş üstün deyil. Həmişə demişəm, bu cür yoxlama oyunlarına tanımadığın futbolçuları dəvət etməlisən ki, bəlkə nəsə kəşf olundu. Bizdə də cavan, yaxşı oyunçular var. Sadəcə olaraq, şans vermək lazımdı. Futbolçunu dəvət etməyəndən sonra nəyə qadir olduğunu haradan biləcəksən? Düzdü, çempionat oyunlarına baxırlar. Məqsəd İsayev, Murad Musayev bugünkü gündə millidə oynamağa layiqdilər.
Qarşıdakı iki tur "Qəbələ"nin inamını geri qaytarmaq üçün yaxşı şans sayılmalıdı: Hər halda, bu mövsüm uğursuz çıxış edən "Sumqayıt" və "Səbail"lə qarşılaşacaqsız.
- Nəinki iki tur, biz son 5 tura final oyunları kimi baxırıq. Səhv etmirəmsə, ötən mövsüm qış fasiləsinə 27-28 xalla yollanmışdıq. Bu mövsüm komanda sayı çoxalıb. Fasiləyə 28 xalla kifayətlənmək fikrində deyilik. Avrokuboklara yollanmaq üçün 5 oyunun hamısında 100 faizli nəticə göstərmək lazımdır.
Avrokuboklar yolunda əsas rəqibiniz hansı komandadı?
- Turnir cədvəlində bizdən öndə hansı komandalar varsa, hamısı. Onların hər biri bizim üçün rəqibdir.