Kikboksçumuz Türkiyədə keçirilən reytinq döyüşünün qalibi olub
Kikboks üzrə dünya kəmərinin sahibi, Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin idmançısı Şikar Bədəlov növbəti döyüşünə çıxıb.
Mediasport.az xəbər verir ki, idmançı bu dəfə 81 kiloqram çəki dərəcəsində "King of Kings" reytinq döyüşündə qüvvəsini sınayıb.
Təmsilçimiz çəkidə özündən 10 kiloqram ağır olan niderlandlı Nabil Xəzri ilə qarşılaşıb.
Türkiyədə keçirilən dueldə Ş.Bədəlovun zərbələrinə tab gətirə bilməyən N.Xəzri vaxtından əvvəl təslim olub. Beləliklə, kikboksçumuz növbəti qələbəsini qazanaraq Azərbaycan bayrağını dalğalandırıb.
Xatırladaq ki, Şikar Bədəlov bu ilin fevralında Türkiyənin İstanbul şəhərində Yahya Kemal Beyatlı Mərkəzində mərakeşli Nordin El Benmofu birinci raundun ilk dəqiqəsində məğlub edərək dünya kubokunun sahibi olmuşdu.