27-ci Azərbaycan çempionatının açılış mərasimi keçirilib
Kkikboksinq üzrə 27-ci Azərbaycan çempionatı və birinciliyinin təntənəli açılış mərasimi keçirilib.
AKF-dən Mediasport.az saytına verilən məlumata görə, Milli Məclisin Gənclər və İdman Komitəsinin deputatları, Gənclər və İdman Nazirliyinin məsul əməkdaşları, şəhid ailələri, qazilər, idman ictimaiyyətinin iştirakı ilə keçirilən açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə sükut elan edilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Milli Məclisi Sədrinin müavini, Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyev bugünkü qüdrətli Azərbaycanın məhz Ulu Öndər Heydər Əliyevin gərgin əməyinin bəhrəsi olduğunu, Ümummilli Liderin siyasəti xəttinin bütün sahələrdə layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini qeyd edib. Bu gün Azərbaycan Kikboksinq Federasiyasının 30 illiyinin təntənəli qeyd olunduğunu bildirən vitse-spiker qurumun keçdiyi tarixi yoldan bəhs edib.
Daha sonra çıxış edən Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti Orxan Əliyev qurumun qazandığı uğurlardan, ölkəmizdə idman siyasətinə ayrılan yüksək diqqət və qayğıdan bəhs edib. Həmçinin yarışlar barədə məlumat verərək, qazanılan yüksək nəticələrdən danışıb.
Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov idman siyasətinin uğurlarından bəhs edərək, keçirilən bu qəbildən olan yarışları yüksək qiymətləndirib.
Açılış mərasimində Milli Məclisin Gənclər və İdman Komitəsinin millət vəkilləri Şahin İsmayılov, Etibar Əliyev, Mahir Abbaszadə, Könül Nurullayeva, Cavid Osmanov, Vüqar İskəndərov və Müşfiq Cəfərov iştirak ediblər.
Daha sonra yarışlara start verilib və idmançılar müxtəlif çəki dərəcələrində güclərini sınayıblar.