"Komanda olaraq bu mövsümün ən çətin səfər matçına çıxacağıq"
"Komandanın hal-hazırda vəziyyəti dövrənin son turundakı "Sabah"la matçdakı kimi deyil. Hazırlıqlarımız davam edir. Həmin formada olmaq üçün ən azı 1 həftə və yaxud da 10 gün vaxt lazımdır".
Mediasport.az xəbər verir ki, bu sözləri "Xəzri" basketbol komandasının baş məşqçisi Murat Dikmen deyib.
O, Azərbaycan Basketbol Liqasının 11-ci turunun "Gəncə" ilə matçından öncə fikirlərini bölüşüb:
"Qış fasiləsində istədiyimiz kimi hazırlıq keçə bilmədik. Ona görə də hələ də istədiyimiz idman formasında deyilik. "Gəncə" ilə səfərdəki oyun bizim üçün çox vacibdir. Keçən həftə "Sabah"a qarşı yaxşı oynasalar da, lakin məğub oldular. Bu həftə isə qazanmaq istəyəcəklər və ona görə də bizi çox aqressiv bir görüş gözləyir. Fərqli bir "Gəncə" görəcəyimizi düşünürəm. Fikirimcə, komanda olaraq bu mövsümün ən çətin səfər matçına çıxacağıq. Bu qarşılaşmada çətinlik çəkməmək üçün lazımi tədbirləri görmüşük".
Mütəxəssis hədəflərinin çempionluq olduğunu diqqətə çatdırıb:
"Çempionatı daha üst pillələrdə bitirməliyik. Bu da bizim üçün önəmli bir döngədir. Buranı uğurlu şəkildə keçə bilmək bizim üçün çox vacibdir. Komanda olaraq bu matça köklənmişik. Dövrənin son turundakı formamıza çatdığımız andan etibarən heç bir tərəddüdümüz qalmayacaq. O formamızı yaxalayana qədər 2-3 həftə diqqətli olmağımız lazımdır. Amma bu matç da bizim üçün çox önəmlidir".